Ceyhun Əzizli: "Əgər Ramin Musayev Superkubok keçirə bilmirsə, bizi aldatmasın"

14:48 - 11 İyun 2015

Ceyhun Əzizli: "Utanmasalar, "İnter"in yerinə Avroliqaya "Kəpəz"i göndərlər
 
Premyer Liqada geridə qalan mövsümdə azarkeşlərin sayı daha az  oldu. Ölkəmizin tanınmış  futbol fanatı  Ceyhun Əzizli bu məsələyə Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"Ölənə qədər futbolumuza azarkeşlik edəcəm və "Neftçi" fanatı olacam. Amma bu o demək deyil ki, digər klublarımızın uğurlarına  paxıllıq edirəm. Azarkeşlərin stadiona gəlməməsinin səbəbi isə,  hazırda ölkəmizdə Azərbaycan çempionatı yox, Bakı çempionatı  keçirilir. Paytaxtda azarkeşlərin meydanalara gəlməmə səbəbi isə,  oyunların həftə içində keçirilməsi, oyunun başlama saatlarının düzgün  saatlarda olmaması, azarkeşlərin həbs olunması, bir sözlə PFL-in işini düzgün görməməsidir. Çempionatı təşkil edən Peşəkar Futbol Liqasıdır, azarkeş olmamasının yeganə günahkarı odur".
 
Əzizli fanatı olduğu "Neftçi"nin rəhbərliyində olan dəyişikliklərdən və komandasının uğursuzluqlarından da söz açdı:
 
"Əgər "Neftçi" çempion ola bilmirsə, mövsüm onun üçün uğursuz sayılır. Ola bilsin ki, başqalarına görə, bu ilki nəticə uğurlu sayıla bilər. "Neftçi"də Şura höküməti yarananda, bilmədilər ki, bura milli çempionatdır. Müşahidə Şurasında azarkeşlərlə işləyən şəxs Bəhram  Bağırzadədir. Əgər o, "Neftçi"nin "İnter"lə (Milan) oyununu "Sumqayıt"la qarşılaşmaya bərabər tutur. Onsuz da, "Neftçi"nin ev oyunlarında bilet yoxdur, gedib bilet payladığı azarkeş də bilir ki, bilet pulsuzdur. Düzdür, keçirdiyi aksiyalardan sonra hiss olunurdu ki, 10 nəfər artıq azarkeş gəlib. Belə bir işdə küsmək olmaz, əgər aksiyaları sona qədər davam etsəydi, ən azı 1000 azarkeş əlavə gələrdi. Belə bir vəzifələri, işi bilənlərə, peşəkarlara tapşırılmalıdır. İndi "Neftçi"də futbol adamı yoxdur, amma hansı klubumuzda futbolu bilən adam var ki. Çingiz Abdullayev sadəcə Şura hökümətinin sədridi, İnanmıram, Abdullayev "Neftçi"nin bazasında olsun. Amma ən azından o "Neftçi"də maraqlanıb işləri peşəkarlara tapşıra bilərdi. ".
 
Bu il PFL "Qarabağ"ın "qızıl dubl" etdiyinə görə, Superkubok keçirməməyi qərara aldı. Ceyhun Əzizli bu qərara belə reaksiya göstərdi:
 
"Bizim futbolda nə düzdür ki, bu da düz olsun. Əgər Ramin Musayev Superkubok keçirə bilmirsə,  bizi aldatmasın ki, "qızıl dubl" olanda, superkubok keçirilmir. Biz hansı dövrdə yaşayırıq? Belə çıxır ki, "Qarabağ" 7 il ardıcıl çempion olub kubok qazansa, bu 7 ildə superkubok keçirilməyəcək. Sadəcə, özlərini güldürürlər. Kuboka 8 komanda ilə başlayır, sonda da helikopterlə kubok endirirlər ki, kubok keçirdirik. Dünyanın ən zəif kuboku bizdə keçirilir. Kubok üçün 1000 manat tapa bilməyən "Kəpəz" hazırda Premyer Liqada çıxış edir, utanmasalar, "İnter"in yerinə Avroliqaya "Kəpəz"i göndərər. 
 
PFL deyir, bizim əsasnaməmizə görə, "qızıl dubl" olanda  superkubok keçirilmir. Onlar yalan danışır, belə qayda düzgün deyil. əgər elədirsə, keçən ilki Superkubok hanı? Sadəcə keçirə bilmirlər. Heç bilirlər ki, əsasnamə nədir?. Onda PFL getsin, Platiniyə əsas namə yazsın ki, kubok keçirilsin. Avropada 7 komanda "qızıl dubl" elədi. Bunların hamısı Superkubok oyunu keçirəcək. İndi çıxır ki, onlar anormaldır? Anormal olan bizik, onlar yox".

Xəbər xətti