"Qarabağ"la "Qəbələ"nin mübarizəsində "Xəzər Lənkəran" da var? TƏHLİL

11:47 - 21 İyun 2015

Ruslan Abışov və Vaqif Cavadov da Lənkəran yolundadı

 

“Azərbaycanda iki ciddi klub var – “Qarabağ” və “Qəbələ”, - bu fikirlər Luqansk “Zarya”sının baş məşqçisi Yuri Verniduba məxsusdur. Onun oğlu “Qəbələ”dən təklif alanda, adam Azərbaycan futbolunu araşdırıb və məhz belə qənaətə gəlib.

 

Əslində, görünən kəndə bələdçi lazım deyil. Uzun illərin ələnməsindən sonra ortada “Qarabağ” və “Qəbələ”dən başqa heç bir klub qalmayıb. Bəziləri müflis oldu, bəziləri iddiasından geri çəkildi. İndi elə bir vəziyyət yaranıb ki, klubların əksəriyyəti imkanlarına və heyətinə görə bir-birindən demək olar ki, heç nəylə fərqlənmir. Bu klublardan hansı birində məşqçi işi daha yaxşı olacaqsa, turnir cədvəlində digərlərindən daha yuxarı pillələrdə qərarlaşacaq. Yəni, bir tərəfdə çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Qəbələ”, digər tərəfdə isə başqaları.

 

Ancaq “Xəzər Lənkəran”ın son zamanlar transfer bazarında fəallaşması düşünmək üçün əsas verir. Vüqar Nadirovla Rəşad Eyyubov transfer olundu, Ruslan Abışovla Vaqif Cavadov da Lənkəran yolundadır. Artıq 3 afrikalı legioner də gətirilib ki, onlardan ikisi Fransa, biri isə Yunanıstan klubundan gəlib. İsveç klubunda çıxış eləyən bir qanalı hücumçu da hədəfdədir. “Xəzər Lənkəran”ın transfer bazarında belə aktiv fəaliyyəti onu göstərir ki, ötən mövsümün ortasında iddiasından geri çəkilən klub yenə çempionluq mübarizəsinə qoşulur.

 

Düzdü, “Xəzər Lənkəran” üçün geniş imkanlara malik “Qarabağ” və “Qəbələ” ilə çempionluq mübarizəsi aparmaq elə də asan olmayacaq. Ancaq hər halda, digər klublarla müqayisədə Yunis Hüseynovun komandası mövsümə daha ciddi hazırlaşır. Həm də, necə deyərlər, “iştah diş altında olur”. “Xəzər Lənkəran” qış fasiləsinə qədər yaxşı performans sərgiləsə, rəhbərlik heyətə bir neçə bahalı futbolçu qatmaq qərarına da gələ bilər.

 

SPORTAL.AZ 

Xəbər xətti