"Xəzər Lənkəran" ümidli, Yunis Hüseynov isə qayğılıdı QEYD

12:16 - 22 İyun 2015

CAS-dan xoş xəbər gözləyirlər

 

Yay transfer bazarında fəallıq göstərən klublardan biri də “Xəzər Lənkəran”dır. Artıq indidən demək olar ki, Lənkəran klubu növbəti mövsümə iddialı qatılacaq. Komandanın transfer çalışmalarına baxanda, bunu sezmək çətin deyil.

 

Amma “Xəzər Lənkəran”ın problemi var. 2011-ci ildə komandanın sıralarında olan Veldin Muharemoviçin FİFA-ya şikayət etməsi “Xəzər Lənkəran”ın cəzalı duruma düşməsinə səbəb olub. Beynəlxalq qurum Lənkəran klubuna 2014/2015 mövsümünün qış və 2015/2016 mövsümünün yay pəncərəsi zamanı transfer qadağası qoyub. Yəni, bu qadağa hələ də davam edir.

 

“Xəzər Lənkəran” CAS-a müraciət edib. Klub rəhbərliyi ümid edir ki, İdman Arbitraj Məhkəməsi onların xeyirinə qərar çıxaracaq və transfer qadağası aradan qalxacaq. Qadağa aradan qalxmasa, “Xəzər Lənkəran” üçün ən ideal vasitə pəncərə bağlandıqdan sonra, anlaşdığı futbolçuları azad agent statusu ilə heyətinə qatsın. Ancaq bu halda mövsümə iddialı başlamaq istəyən komandanın baş məşqçisi Yunis Hüseynov çətin duruma düşəcək. Çünki yay transfer pəncərəsi avqustun 31-də bağlanacaq. Və yeni futbolçuların keçidini yalnız bundan sonra reallaşdırmaq mümkün olacaq. Premyer Liqada isə mövsüm avqustun əvvəllərində start götürəcək. Bu isə o deməkdir ki, Hüseynov çempionatın ilk turlarını kasad heyətlə keçirməli olacaq. Ona görə də Yunis Hüseynov qayğılıdır. Axı, uğursuz start komandanın sonradan toparlanmasına öz təsirini göstərə bilər...

 

SPORTAL.AZ

Xəbər xətti