Bir şəkil haqqında: Gələcəyini Qurban Qurbanova etibar edən Riçard Almeyda FOTO

17:45 - 23 İyun 2015

O vaxt "Qarabağ"ı tərk etsəydi...

 

Riçard Almeydanı Qurban Qurbanovun ən böyük tapıntılarından saymaq olar. Çünki bizim Premyer Liqaya çox oyunçular gəlib, ancaq Almeyda kimiləri barmaqla sayılacaq qədərdir. Bəli, Portuqaliya çempionatından gələn braziliyalı buralarda “klass” göstərdi, çox qısa vaxtda “Qarabağ”ın “mühərrikinə” çevrildi.

 

Lakin günlərin bir günü Almeyda Qurban Qurbanovun yanına gəldi ki, gedirəm. Hara? “Neftçi”yə! Riçard Almeydanın oyununa valeh olan “Neftçi” rəhbərliyi ona cəlbedici təklif göndərmişdi. O da pula şirnikləşmişdi, getmək qərarı qəti idi. Həmin vaxt Qurban Qurbanov qətiyyətli davrandı. Almeydanın transferə çıxarılması barədə göstəriş verən Qurbanov onu əsas heyətdən uzaqlaşdırdı. Könlü “Qarabağ”la deyilsə, qalmağındasa, getməsi daha yaxşıdır. “Qarabağ”ın çalışdırıcısı braziliyalıya hər nə qədər dəyər versə də, onu məcburi saxlamaq istəmədi.

 

Cəmi bir həftə sonra Almeyda yenidən Qurban bəyin yanına gəldi. Qalıram! Oturub götür-qoy edən Riçard səhvini anlamışdı, anlamışdı ki, səhv yoldadır. Qurban Qurbanov onun tərəddüdlü davranışlarına anlayışla yanaşdı, böyüklük elədi və Almeyda “Qarabağ”la yola davam elədi.

 

Bir neçə il əvvəl yaşanan bu hadisədən sonra Almeyda “Qarabağ”la iki çempionluq yaşadı, ölkə kubokunu qazandı. Avroliqanın qrup mərhələsində oynadı, özünü daha geniş publikaya tanıtdırmış oldu. Yəqin ki, Riçard bir neçə il əvvəl vaxtında səhv yoldan qayıtdığına görə indi tanrıya dua edir. O vaxt “Qarabağ”ı tərk etsəydi, kim bilir indi haralarda olacaqdı, yenə bu səviyyədə oynaya biləcəkdimi?

 

Təqdim etdiyimiz foto yenidir, ötən ay çəkilib. Bu gün onlar bir yerdədi, Riçard Almeyda sözün hər mənasında gələcəyinin etibarlı əllərdə olduğunu bilir. Çünki qarşısındakı Qurban Qurbanovdur! Azərbaycan futbolunda yeni səhifə açan QURBAN QURBANOV!

 

 

SPORTAL.AZ

Xəbər xətti