Rusiyada Qazzayev də ayağa qalxdı, bizimkilər isə yenə susurlar QEYD

13:19 - 24 İyun 2015

Bir qismini Elxan Məmmədov ələ alıb, digər qismi isə...

 

Rusiya futbolu dəyişikliklər astanasındadı. Nikolay Tolstıxın istefasından sonra futbol federasiyasına yeni prezident seçməlidirlər. Bu posta iddia eləyənlər arasında təcrübəli məşqçi Valeri Qazzayev də var. Daha doğrusu, ən fəal namizəd elə Qazzayevdir.

 

Qazzayev federasiyanın mövcud borclarının ödənilməsi üçün vasitələrin olduğunu və prezident seçiləcəyi halda bu istiqamətdə konkret addımlar atacağını deyib. Hərçənd, Rusiyanın tanınmış jurnalisti Vasili Utkin Qazzayevin inkişaf proqramını demaqoqiya adlandırıb. Hətta “Tolstıxı korrupsioner qüvvələr yıxdı” fikirləri də bir çox dairələrdə səslənməkdədi və bu söhbətlərdə çoxları İdman naziri Vitali Mutkoya işarə vururlar. Necə olursa-olsun oralarda bir canlanma var. Rusiyada futbolun acınacaqlı durumda olmasına göz yummurlar. Ölkə futbolu ətrafında yaşanan diskusiyalarda demək olar ki, bütün futbol adamları iştirak edirlər.

 

Rusiyadakı mənzərədən ayrılıb bir də Azərbaycana baxırıq. Ölkə futbolu az qala dağılmaq təhlükəsi ilə üz-üzədir. Futbol adamlarımız isə “ağızlarına su alıb” oturublar. Bir qismini Elxan Məmmədov ələ alıb, digər qismi Rövnəq Abdullayevin qorxusundan ağzını aça bilmir. Bəli, acınacaqlı durumdu. Üzdə olan heç bir futbol adamımız öz futbol konsepsiyasını ortaya qoymur, heç kim ölkə futbolunu ayağa qaldıra biləcəyini iddia eləmir. Söhbət hələ federasiya prezidenti olmaqdan getmir. Heç olmasa indiki rəhbərliyə doğru yol göstərmək, ehtiyac olduğu halda futbolda islahatlar aparmaq bacarığında olduğunu göstərmək lazımdır. Siz susun, siz susduqca Davor Şukerin federasiya prezindenti olduğu Xorvatiya bizim kimilərə altı-altı vursun. Sİz susun, hərəniz bir komitədə 3-5 qəpik maaş alın...

 

SPORTAL.AZ

Xəbər xətti