İlk sevgi - “Roma” və Françesko Tottidən başladı
Fərid Abdullayev. İtaliya futbolunun həqiqi fanatı! Apennin yarımadasında yaşayır. Ali təhsil alır. Yaxın gələcəkdə məşqçi olmaq üçün. Biz onun adını bir qədər sonra daha tez-tez eşidəcəyik. Bakılı oğlan artıq italyan həmkarlarımızın diqqət mərkəzindədi. “Gazzetta Regionale“ qəzeti Abdullayevi əməlli-başlı sorğu-suala tutub. Kifayət qədər sanballı və maraqlı danışıb.
Sportal.az həmin müsahibənin tərcüməsini təqdim edir:
Hər bir insan həyatda müəyyən arzularla yaşayır. Bu arzuları həyata keçirmək üçün istək, dəqiqlik və nəyisə qurban vermək lazım gəlir. Fərid Abdullayevin həyatında bütün bu meyarlar öz əksini tapıb.18 yaşlı futbol həvəskarı olan bu azərbaycanlı oğlan “Roma”nın və Françesko Tottinin pərəstişkarıdı. Futbola olan bu sonsuz sevgi onu öz evini, doğma vətəni - Bakını tərk etməyə məcbur etdi və futbol məşqçisi olmaq arzusu ilə İtaliyaya gətirdi. Bu romantik və gözəl hekayə bizi sanki futbolun dərinliklərinə aparır. Idmana olan sevgi bütün baryerləri, çətinlikləri aşmağa kömək edir. Arzun nə qədər böyük olarsa, çətinliklər bir o qədər asan görünər.
- Fərid, İtaliyaya getmək və futbol məşqçisi olmaq arzusu səndə necə yarandı?
- Çox çətin sualdı. Ümumiyyətlə, güclü futbol azarkeşiyəm, xüsusən də “Roma” və İtaliya futbolunun pərəstişkarıyam. İtaliya futbol məşqçilərini izlədikcə, bu arzu məndə yaranmağa başladı. Joze Mourinyo və Arriqo Sakkini çox bəyənirəm. Onlar heç zaman yüksək səviyyədə futbol oynamasalar da, məşhur məşqçilərdi.
- Onlar sənin kumirindi?
- Bir şəxsiyyət kimi? bəli. Mourinyonun oyun tərzini bəyənməsəm də, praqmatizmini bəyənirəm. Bundan əlavə, Sakkini, eləcə də Ançelotti və Qvardiolanı da çox bəyənirəm.
- Bəs Arriqo Sakkini necə tanıdın, axı sən çox gəncsən?
- Uşaqlıqdan, hələ beş yaşım olanda, Kapellonun zamanından “Roma”ya azarkeşlik etməyə başladım və Françesko Tottinin heyranı oldum. Bu səbəbdən də A seriyasını və onun tarıxıni izlədim. Bu haqda köhnə videolentlərə baxdım və beləliklə də, Sakkini tanıdım…
- Sadaladığın məşqçilərdən görünür ki, futbola yenilik gətirən novator məşqçilərin tərəfdarısan.
- İnnovatorlar futbolda tarix yazırlar. Burdan da yeni oyun tərzi əmələ gəlir, bu isə məşqçi üçün maksimumdu.
- Azərbaycanda idman çox inkişaf edir, bəs futbol hansı səviyyədədi?
- 20 il əvvəl futbol aşağı səviyyədə idi, indi isə futbola investisiyalar qoyulur. Məsələn, bir neçə ay əvvələ kimi mili komandamızın baş məşqçisi Berti Foqts idi. Federasiya tanınmış məşqçiləri dəvət etməyə çalışır. Klublara isə hələ ciddi investisiyalar qoyulmur.
- Futbolun inkişafı üçün iki-üç əcnəbi məşqçi lazımdı?
- Bəli, artıq müəyyən qədər var. Belə düşünürəm ki, oyunçulara da investisiyalar qoymaq lazımdı, məsələn, Qətər dövləti kimi. Bu o qədər də asan deyil. Bir il bundan əvvəl bizdə Kiyev “Dinamo”sunun, “Lokomativ”in sabiq məşqçisi Yuri Syomini dəvət etmişdilər və ona 1 milyon dollar verirdilər. Foqts isə iki milyona müqavilə bağlamışdı. Bu rəqəmlər oyunçular üçün də olmalıdı.
- Avropada Azərbaycan klubları nəyəsə nail olub?
- Bəli, “Qarabağ“ Avropa Liqasının qrupp mərhələsində “Dnepr“, “Sent-Etyen“ və “İnter“ ilə mübarizə aparırdı. “İnter“lə oyunun 93-cü dəqiqəsində “Qarabağ“ təmiz qol vurdu, lakin bu qolu hakim haqsız olaraq hesaba almadı. Bununla da, “Qarabağ“ Avropa Liqasının pley-of mərhələsinə vəsiqə ala bilmədi. Bu isə biz azərbaycanlıları çox məyus etdi.
- İtaliyada qalmaq istəyərsən, yoxsa vətəninə dönəcəksən?
- Əvvəlcə İtaliyada və ya futbolun yüksək inkişaf etdiyi Avropa ölkəsində işləmək istəyərdim. Təcrübə topladıqdan sonra Bakıya qayıdıb, futbolun inkişafı üçün ölkəmə kömək etmək istərdim.
- Məşqçi olmaq üçün ilk olaraq, hansı addımları atmısan?
- İlk addımım buraya gəlib təhsil almaqdı, çünki məşqçi olmaq üçün diplom tələb olunur. Əgər hər şey yaxşı getsə, universiteti bitirib diplom aldıqdan sonra məşqçilik üçün digər addımları atacam.
- Sən hələ yolun əvvəlindəsən, yol isə çox uzundu…
- Bu yol kifayət qədər uzundu. Mənə Kapello, Sakki, Stramaççoni, Trappotoni, həmçinin sabiq futbolçulardan Zambrotta və Tommazi kimi nəhənglərlə görüşmək qismət olub. Tommazi ilə buyaxınlarda Turində keçirilən kitab yarmarkasında görüşdüm, söhbət etdim. Bilirəm ki, bu yol o qədər də asan olmayacaq.
- İtaliyaya getmək arzusu səndə necə yarandı? Buna səni nə vadar etdi?
- İlk sevgi - “Roma” və Françesko Tottidən başladı. Beş yaşımdan mən italyan dilini öyrənməyə başladım. Bu isə balaca uşaq üçün çox çətinidi. Bununla yanaşı, mən italyan mədəniyyətini, dilini, tarixini də çox sevirəm. İlk dəfə 11 yaşımda İtaliyada turist kimi olmuşam. Sonra italyan dilini yenidən öyrənməyə başladım. İtaliyada təhsil almağım üçün yaşımla əlaqədar müəyyən problemlər yarandı. Bu zaman mən Bakıya tez-tez səfərlər edən Sandro Teti ilə tanış oldum. Bu problemin aradan qaldırılmasında onun mənə çox köməyi oldu və beləliklə, Saleziana Universitetinə daxil oldum. Sandro Tetiye və onun xanımı Laura Perettiye ümumiyyətlə, mən cox borcluyam.
- Məqsədin İtaliyada məşqçi kimi yetişmək və vətəninə qayıtmaqdı, bəs arzun?
- “Roma”da məşqçi olmaq mənim üçün əla olardı, amma ən böyük arzum bir məşqçi kimi Çempionlar Liqasının qalibi olmaqdı. Bu ən vacib trofeydi, bunu isə hamı arzulayır. Əlbəttə, “Roma” ilə qalib olmaq bir möcüzə olardı.
- Nə zamansa futbol oynamısan?
- Bəli, beş il Bakıda, bir ay isə Mançester Yunaytəddə kurs keçmişəm. Həmçinin İtaliyada bir komandada məşq edirdim. Amma rezident olmadığım üçün çempionatda oynaya bilməmişəm. Rezident olduqdan sonra isə imtahanlarla əlaqədar yenə oynamadım. Gələn mövsümdən oynamağa başlamaq istəyirəm.
- Bu yaşda öz evini tərk etmək olduqca çətindi. Buna necə nail oldun?
- Düşünurəm ki, bir məqsədə nail olmaq istəyirsənsə, bu, heç zaman asan ola bilməz. Əlbəttə ki, çətindi. Əgər böyük arzun varsa, onu əldə etmək üçün öhdəsindən gələ biləcəyin hər bir şeyi etməlisən, qarşına çıxacaq bütün çətinliklərdən qorxmyaraq və özün kimi qalmalısan. Həmişə oxumaq və inkişaf etmək lazımdı.
- Bakı üçün darıxırsan?
- İlk aylar darıxırdım. Apreldə qayıdanda isə iki gün sonra Roma üçün darıxdım (gülür).
- Gənclər arasında gələcəkdə kimi böyük məşqçi görürsən?
- Vinçenso Montellanı deyə bilərəm. Düşünürəm ki, o, futbol üçün çox şeylər edəcək və dünyada güclü məşqçilərdən biri olacaq.
- Sevimli çempionatın?
- A seriyası.
- Baxmayaraq ki, böyük çempionlar yoxdur, yenə də A seriyası?
- Məşqçi üçün maksimum - futbolu taktiki planda inkişaf etdirməkdi. Taktika haqqında düşünəndə, o dəqiqə yada A seriyası düşür.
- Hansı oyunçunun məşq elətdirmək istəyərsən?
- Təəssüf ki, həmin oyunçu o zaman oynamayacaq.
- Söhbətin kimdən getdiyini bilmək çətin deyil. Uğurlar, Fərid!