"Xəzər Lənkəran"ın yeni transferi: "Düşmənim yoxdur, hamı məni özünə düşmən kimi hesab edir" MÜSAHİBƏ

13:48 - 26 İyun 2015

Vaqif Cavadov: "Hədəfimiz çempionluqdur, başqa yolu yoxdur"
 
"Xəzər Lənkəran"ın yeni transferi Vaqif Cavadovun Sportal.az-a müsahibəsi:
 
- "Xəzər Lənkəran"a keçidin necə alındı? Başqa komandalardan təkliflər var idimi?
- Buranı ona görə seçdim ki, bu klub məni daha çox öz heyətində görmək istəyirdi. Ona görə də, bu formanı geyinirəm. Qaldı ki. başqa komandalardan təkliflərə, var idi, amma yox idi. Adları deməyin də mənası yoxdu.
 
- Türkiyədəki karyeran sanki alınmadı...
- Deməzdim ki, pis alındı. İlk 6 ayım çox yaxşı alındı. Ümumiyyətlə, Türkiyədə pis çıxış etmədim, düzdür, son oyunlarda az oynadım. Bizim futbolçuların ölkə xaricində yaxşı oynaması üçün eyni komandada ən azı iki futbolçumuz olmalıdır. Belə olanda, komandaya uyğunlaşma asan gedir. Bizim ölkənin mentaliteti odur ki, ailəyə daha yaxınıq. Bu da öz sözünü deyir.
 
- "Boluspor"da bir neçə qola imza atsan da, çox zaman ehtiyyat skamyasında olurdun. Bunu sənə qarşı haqsızlıq olaraq saymaq olar?
- Klub rəhbərliyi də məni komandada saxlamaq istəyirdi və yeni müqavilə təklif etdi. Lakin bəzi səbəblərə görə. qəbul etmədim. Qaldı ki, ehtiyyatda olmağıma, məni komandaya baş məşqçi gətirmişdi, heyəti də o qururdu. Sonradan nəsə baş verdi, bunu nə mən, nə klub rəhbərliyi bilmədi. Futboldu, futbolda hər şey ola bilər. Sadəcə onu deyə bilərəm ki, mənim düşmənim yoxdur, hamı məni özünə düşmən kimi hesab edir. Ona görə də hamıya uğurlar arzulamaq istəyirəm.
 
- "Xəzər Lənkəran" sənlə bərabər, millimizin bir neçə üzvünü heyətinə qatdı. Komandanın əsas hədəfi nə olacaq?
- Transferlər bir daha sübut etdi, "Xəzər Lənkəran" həmişə liderlər sırasındadır, iddialıdır. Transferlər də öz sözünü deyir ki, klub rəhbərliyi və məşçilər heyəti ilə bərabər hədəfimiz ən yüksəkdə olmaqdır. Hədəfimiz çempionluqdur, başqa yolu yoxdur.

Xəbər xətti