“Klubdan futbolçular gedər, adamlar qalar”
"Simurq" klubda cavanlaşdırma siyasətini gerçəkləşdirməkdə israrlıdı. Buna görə də, klubda köklü dəyişikliklər etməkdə davam edir.
Sportal.az-a açıqlamasında "Simurq"un qolkiperi Amil Ağacanov bu duruma belə izah gətirib:
“Simurq”un çətin günündə hamı atıb getdi. Ama mən və bir neçə futbolçu komandaya sadiq qalıb sonadək yanında olduq. Premyer Liqada 9 oyunluq cəza almağım ölkəmizdə olan klubların mənə olan marağını yox etdi. Yəni danışıq apardığım bir neçə klub bu cəzadan sonra transfer fikrindən daşındı.
Mən ümid eləyirdim ki, “Simurq” məni saxlayacaq. Amma mənə zəng edib dedilər ki, "klubda cavanlaşma siyasəti gedir və kimin yaşı 27-30 yaş arasıdı özünə klub axtara bilər". Mənim də 30 yaşım var. Lakin düşünmürəm ki, yaxşı formada deyiləm . Gözləmirdim mən bu sözləri. Ən çətin günündə klubun yanında olasan, onlar da belə eləyə. Bu komandaya görə qırmızı vərəqə alıb cəza almışam. Necə ki, mən onların çətin günündə yanında oldum, onlar da mınim bu günümdə yanımda olmalıydılar. Bilmirəm, Azərbaycan futbolunda nə baş verir. Ancaq belə bir çətin vəziyyətdə olmamışdım. Belə getsə, Türkiyə PTT 1-ci liqasında hər-hansı bir kluba keçəcəm. Amma hələlik real bir təklif yoxdu.
Sonra deyirlər ki, pul yoxdu atıb gedirlər. Sözün düzü mənim klubda 25 min manata yaxın pulum qalıb. Amma mən səsimi çıxardıb o pulu da istəmirəm. Halal eləyirəm. Bundan sonra klub mənə “gəl” desə də, getmərəm, qoy ac qalım, kişi kimi qalım. Belə bir deyim var: “Klubdan futbolçular gedər, adamlar qalar”. Mən də adam kimi qaldım. Lakin bu vəziyyətlə qarşılaşmağımı gözləmirdim.
2 ilə yaxın “Simurq”un formasını geyinmişəm. Yenə də hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərdən tutmuş rəhbərliyə kimi. Zaqatalanın çox gözəl azarkeşləri var”.
saytlarin hazirlanmasi