"Həmin epizoda dəfələrlə baxdım, məncə, hakim səhvə yol verib"
Bu mövsüm “Qəbələ”yə ümidlər böyük olsa da, ölkəmizin iddialı komandalarından biri Avroliqanın elə ilk oyununda meydanı məğlubiyyətlə (1:2) tərk elədi. Amma “Dinamo” ilə səfər matçında qeydə alınan hesab faciəvi deyil. Ona görə də, “Qəbələ”nin ikinci mərhələyə adlayacağına inanların sayı az deyil.
Tiflisdə keçirilən oyunla bağlı qonşu ölkə nümayəndələrinin də fikirlərini bilmək maraqlı olduğu üçün, Gürcüstanın tanınmış idman telejurnalisti Giorgi Gulbani ilə əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən tanınmış jurnalist “Dinamo” – “Qəbələ” oyununu belə dəyərləndirdi:
“Həm baxımlı, həm də taktiki cəhətdən maraqlı oyun oldu. Sadəcə, hər iki komandanın heyətində yeni futbolçuların çoxluq təşkil etməsi anlaşma baxımından səhvlərin olmasına siraət edirdi. Xüsusilə komandalar müdafiə olunarkən bu, daha çox hiss olunurdu.
Ümumi götürsək, “Qəbələ” yaxşı rəqibdir. Onların heyətində kifayət qədər səviyyəli futbolçu var, komandaya çox savadlı mütəxəssis rəhbərlik edir. “Dinamo”ya gəlincə, yaxşı nəticə qazanmaq üçün çox çalışdılar. Qeyd etmək istəyirəm ki, “Dinamo”nun avrokuboklarda meydanda 10 nəfərlə qalıb, qələbə qazandığını xatırlamıram. Giorgi Gvelesianinin qırmızı vərəqə aldığı epizoda gəlincə isə hakimin çox sərt cəza verdiyini düşünürəm. Həmin epizoda dəfələrlə baxdım, məncə, hakim səhvə yol verib. Və ən maraqlısı odur ki, hər şey hakimin düz gözü qarşısında baş vermişdi. Növbəti mərhələyə çıxmaq şansları 60/40-a “Dinamo”nun xeyirinədir. Ancaq Qafqazın ən titullu komandasını Qəbələdə çətin oyun gözləyir.
Həmin oyunda hər iki tərəfin azarkeşlərinin aqressivliyi oldu. Təəssüf ki, çoxları bizim xalqlar arasında olan dostluq münasibətlərinin mahiyyətini anlamırlar. Futbolda, idmanda azarkeşliyin bir sərhəddi olmalıdır. Bizim xalqlar həm yaxşı, həm də pis gündə bir-birinin yanında olublar. Məmin Azərbaycanda çoxlu dostlarım var. Gürcüstanda da xeyli sayda azərbaycanlı yaşayır. Hətta “Dinamo”nun fan-klubunda da azərbaycanlı üzvlər var. Yəni, heç bir halda münasibətlərimizin pozulmasına, qarşılıqlı hörmətin aradan götürülməsinə imkan verməməliyik”.
saytlarin hazirlanmasi