" Əsas odur, stadiondan üzüağ çıxdıq"
"Xəzər Lənkəran"ın gənc futbolçusu Elşən Rzazadə Sportal.az-ın suallarını cavablandırıb:
- "Neftçi" ilə səfərdə 1:1 hesablı heç-heçə etdiniz...
- "Neftçi" ilə oyunun bizim üçün nə demək olduğunu hamımız yaxşı bilirik. Səfərə xal qazanmaq üçün yollanmışdıq. Şükürlər olsun, xalımızı da qazandıq. Bu oyunda qalib gəlməyi çox istəyirdik, ancaq qırmızı vərəqə bütün planlarımızı pozdu. Əsas odur, stadiondan üzüağ çıxdıq. Meydanda olan hər bir futbolçumuz canla başla vuruşdu.
- Oyundan sonra həkimlərin köməkliyi ilə meydanı tərk etdin. Zədənin son durumu necədir?
- Dünən artıq tibbi müayinədən keçdim. Ciddi bir şey olmadığını dedilər. Növbəti oyuna qədər tam hazır olmağım üçün əlimdən gələni edəcəm.
- Məlum transfer qadağasına görə, “Xəzər Lənkəran” qışa qədər gənc futbolçularla mübarizə aparacaq. Bu qərarı siz, cavanlar üçün bir şans saymaq olar?
- Bu, nəinki mənim, komandada olan cavan futbolçular üçün bir şansdır. Biz də bu şansdan maksimum istifadə edib komandamıza qələbə qazandırmaq, həm də əsas heyətin daimi üzvləri olmaq istəyirik. İnanıram ki, qadağa məsələsi də tezliklə öz həllini tapacaq.
- Artıq ötən mövsümün ikinci yarısından komandanın əsas heyət üzvlərindən birisən. Öz oyununda nə kimi dəyişikliklər hiss edirsən?
- Ötən ilə nisbətən fiziki cəhətdən daha da artırdığımı görürəm. Ancaq bu o demək deyil ki, yaxşı oynayıram. Əsas məqsədim hər oyundan oyuna daha da artırmaqdır. Səhvlərim çoxdur, onlar üzərində məşqlərdə işləyib daha da yaxşı formada olmaq istəyirəm. Hələ yaxşı futbolçu olmaq üçün çox çalışmalıyam.
- Növbəti turda bu mövsüm məğlub olmayan “Zirə” ilə qarşılaşacaqsınız...
- “Zirə” güclü futbolçulardan təşkil olunmuş heyətə malikdir. Sona qədər mübarizə aparan komandadır. Öz meydanımızda oynamağımız və azarkeşlərin dəstəyi bizim üçün üstünlükdür. İnşallah, mövsümdə ikinci qələbəmizi azarkeşlərlə birlikdə qeyd edəcəyik.
- Qışa qədər bu heyətlə mübarizə aparacaqsınız. Komanda olaraq fasiləyə qədər hədəfiniz nədir?
- Bu haqda dəqiq nə isə deyə bilmərəm, bunu zaman göstərər. Amma bacardığımızdan da artığını etməyə çalışacağıq ki, ən yaxşısını edib maksimum xal toplayaq.
saytlarin hazirlanmasi