AFFA "Bakı"nı nə tez unutdu?
AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstanla oyundan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb. Federasiya rəsmisi arxada qalan illər ərzində Azərbaycan futbolunda qurulmuş infrastruktur barədə də danışıb:
“AFFA-nın İcraiyyə Komitəsinin 2009-cu ildə qəbul etdiyi qərara əsasən, hər klubun özünün stadionu olmalıdı. Bu gün biz artıq buna nail olmuşuq. Təkcə Bakıda Tofiq Bəhramov adına Respublika stadionu, "Dalğa Arena", “İnter Arena”, "Bakcell Arena", "Bayıl Arena" var, "Qarabağ"ın yeni stadionu tikilib. Regionlarda "Qəbələ" gözəl baza tikib”.
Bəs, “Bakı”? Elxan Məmmədov nə üçün “Bakı” klubunun bazasını qeyd eləməyib? Unutqanlıqmı? Axı, “Bakı” klubunun bazası Azərbaycanda ən yaxşılardandır. Və AFFA dəfələrlə bu bazanın xidmətindən yararlanıb. Bakıya gələn bir çox tanınmış milli komandalar da “Bakı”nın bazasında hazırlıq keçiblər. Həm ərazisinə, həm infrastrukturuna, həm meydançalarının çoxluğuna görə bu bazayla qeyd olunan stadionların çoxunun müqayisəyə belə gəlmədiyi halda, Elxan Məmmədov onları yox, məhz Hafiz Məmmədovun ərsəyə gətirdiyi arenanı qeyd etməyib...
Əslində, bu, ilk belə hal deyil. Arxada qalan illər ərzində də AFFA rəhbərliyinin Hafiz Məmmədovun fəaliyyətinə qısqanclıqla yanaşdığı hiss olunub. “Bakı”nın “Atletiko” ilə əməkdaşlıq müqaviləsi imzaladığı günün səhəri AFFA-nın “Ayaks”la anlaşdığına dair xəbər yer aldı federasiyanın rəsmi saytında. AFFA bu layihəni gerçəkləşdirə bilmədi, ancaq tələm-tələsik bu xəbəri ortaya atdılar ki, “Bakı”nın kölgəsində qalmadıqlarını göstərsinlər. Daha bir oxşar situasiya “Atletiko” Bakıya gələndə olmuşdu. Hafiz Məmmədov İspaniya nəhənginə qarşı Azərbaycanın ən yaxşı futbolçularının oynamasını istəsə də, AFFA buna imkan verməmişdi. Bu kimi hallar çox baş verib. Ona görə, indi qərar vermək çətindir ki, Elxan Məmmədov bu dəfə unutqanlıb edib, yoxsa qəsdən “Bakı”nın adını çəkməyib.
SPORTAL.AZ
saytlarin hazirlanmasi