"Doğru və planlı işlər getdiyi üçün də uğur qazana bildilər"
Futzal üzrə Qazaxıstanın “Forte Bank” klubunda oyunçu-məşqçi kimi çalışan Müslüm Hüseynov Sportal.az-a müsahibə verib
- Avropa çempionatında milli komandamızın çıxışı haqda nə söyləyə bilərsiniz?
- Bütün oyunlarımıza baxdım. Belə baxanda, millimiz çempionatımızın səviyyəsinə uyğun çıxış etdi. Turnirdə legionerlərdən əlavə, azərbaycanlı oyunçular da oynadılar. Komandamızın qapıçısı Rövşən Hüseynli özünü doğrultdu. Komandamızın çıxışını normal hesab edirəm.
- Millimiz 1/4 final mərhələsində mübarizəni dayandırdı. Sizcə, daha uğurlu çıxış etmək olardı?
- Sözün düzü, çempionatımızın səviyyəsi aşağı düşdüyü üçün millimizdən bundan artığını gözləmirdim. Əlbəttə, çox istəyərdim ki, millimiz finala qədər irəliləsin. Amma bu, reaalıqdır. 99 faiz bilirdim ki, 1/4 final mərhələsində mübarizəni dayandıracağıq.
- Vurğuladınız ki, çempionatımızın səviyyəsi aşağı düşüb. Bəs, çıxış yolunu nədə görürsünüz?
- Bizdə uşaq məktəbləri yoxdu. 1-2 gənc oyunçu var ki, onlar da futzal məktəbindən gəlməyib. Özlərinin bacarığı olduğu üçün futzala gəliblər. Artıq bilirik ki, gələcəkdə millimizin qapısı etibarlı əllərdə olacaq. Çünki Rövşən Hüseynli əlinə düşən fürsətdən maksimum yararlandı. Özünü sübut etdi. Amma digər gələcək vəd edən gənc oyunçumuz yoxdu. Hamısı legioner braziliyalılar və bir neçə həmişə gördüyümüz azərbaycanlı futzalçılar.
- Millimizin baş məşqçisi Tino Peres açıqlamasında bildirib ki, Qazaxıstanla millimizi eyni səviyyəyə qoymayın. Çünki onlarda daha səviyyəli legionerlər çıxış edir.
- Milli komandamız həmişə Qazaxıstandan güclü olub. Amma son 2-3 ildə necə oldu ki, Qazaxıstan bu səviyyəyə gəlib çıxdı? Çünki planlı şəkildə iş getdiyi üçün Qazaxıstan yığması da inkişaf etdi. Avropa çempionatında da çox uğurlu çıxış etdilər və 3-cü yerə sahib çıxdılar. Heyətlərinə baxanda isə 3 braziliyalı legioner görərik. Digərləri isə yerli oyunçulardır. Doğru və planlı işlər getdiyi üçün də uğur qazana bildilər.
- Qazaxıstan çempionatı haqda qısaca danışardınız...
- Premyer Liqada 6 klub çıxış edir. Bizim çempionatdakı kimi oyunlar 1 meydançada keçirilmir. Çempionat IV dövrədən ibarətdir. İlk “dördlüy”ə düşən komandalar pley-off oynayırlar. Limit hər oyun üçün 4 legionerdi. Bir oyun zamanı yalnız 4 legioner oynaya bilər və bu da qazaxıstanlı futzalçıların daha da inkişaf etməsi üçün yaxşı imkandır. 2 il əvvəl Qazaxıstan millisinin hücumçusu Serik Zamankulov üçün heç kim söyləyə bilməzdi ki, Avropa çempionatının final mərhələsində 6 qol vuracaq. Çempionatın səviyyəsi öz sözünü deyir. Qazaxıstanda Premyer Liqa və I Divizondan əlavə, regionların da çempionatı keçirilir.
- Klubların büdcələri nə qədərdir?
- Büdcələri bizim klubların büdcələrindən çoxdur. Mənim işlədiyim “Forte Bank”ın illik büdcəsi təxminən 500 min dollardı. Biz hələ orta səviyyəli komandayıq. “Kayrat”ın büdcəsi daha çoxdu.
saytlarin hazirlanmasi