"Ardıcıl həmişə qələbə qazanmaq mümkün deyil"
AZAL-ın kapitanı Rail Məlikov "Sumqayıt"la (2:0) matçdan sonra Sportal.az-a müsahibə verib:
- Oyun haqda fikirlərinizi bildirərdiniz...
- Oyuna ciddi hazırlaşmışdıq. Öz səhvlərimizdən qol buraxdıq. Məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirmədik. “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu məğlubiyyətlə heç nə bitmir. Qarşıda çox oyunlar var.
- Hiss olunurdu ki, oyunda AZAL-ın heyətində ürəklə yalnız siz oynayırdınız...
- Gənc futbolçular haqda heç nə demək istəməzdim. Hamı baxıb, öyrənməlidir və dərs çıxarmalıdır. Çalışarlar və növbəti oyunda öz səhvlərini düzəldərlər. İstəmirəm ki, futbolçuları ruhdan salım. Hər kəs öz oyunundan nəticə çıxarmalıdır.
- AZAL səfər matçlarında istədiyi oyunu sərgiləyə bilmir...
- “Kəpəz” məğlubiyyəti də öz səhvlərimizdən olmuşdu. Həm də meydan bərbad gündə idi. Hər klub öz meydanında daha yaxşı oynayır. Elə bu gün də “Sumqayıt” azarkeşləri onunda layiqli qələbə çaldı.
- Ardıcıl uğurlu nəticlərdən sonra komandada arxayınlıq yox idi?
- Xeyr. Bu, futboldur. Ardıcıl həmişə qələbə qazanmaq mümkün deyil.
- Tərlan Əhmədov Adan Koronado haqda yaxşı fikirdədir. Amma onun oyunu heç cür alınmır…
- İnşallah alınar. Böyük ümidlərlə gəlib və məşqlərdə də özünü yaxşı tərəfdən nümayiş etdirir. Məşqçimiz əgər müsbət fikirdədirsə, deməli oyunçunun qabında nəsə var.Yavaş-yavaş gələcək oyunlarda öz sözünü deyəcək.
- Gələcək karyeranız haqda fikirləriniz necədir? Formanızı bərpa edib yenidən xaricə yollanmaq planlarınız var?
- Qış transfer pəncərəsində Türkiyədən üç klubdan təklif aldım. İnşallah gələcəkdə ola bilsin bu təklifləri dəyərləndirim. Mən AZAL-a Tərlan müəllimə görə gəlmişdim. Komandada gözəl əhval-ruhiyyə var idi. Həm də onu düzgün vurğuladınız ki, forma yığmağa. Çünki zədələrdən sonra zəif olduğumu hiss edirdim. Gələcəkdə hər şey baş verə bilər.
- Belə çıxır ki, yayda AZAL-dan ayrılacaqsınız?
- Bunu gələcək göstərəcək.
saytlarin hazirlanmasi