"Neftçi" rəhbərliyi Əsgər Abdullayevdən narazıdı ÖZƏL

10:26 - 23 Fevral 2016

İstefaya göndərmək istəyirlər

 

Sadıq Sadıqovun prezidentliyi dövründə 3 dəfə çempion olan, çempion olmadığı illərdə də birinci pillə uğrunda mübarizə aparan “Neftçi” rəhbər dəyişikliyindən sonra sıradan kluba çevrilməkdədir. “Ağ-qara”lar həm imkanlarına, həm də heyətinə görə əksər klublardan üstün olsa da, sərgilədikləri oyuna görə çoxlarından geri qalırlar.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, “Neftçi”nin Müşahidə Şurasının üzvləri də komandanın durumundan pərişandılar. Samir Əliyevin təcrübəsizliyini önə çəkənlər baş məşqçi postuna Əsgər Abdullayevi gətirdilər ki, “Neftçi” adına layiq oyun sərgiləsin. Ancaq indi hamı görür ki, Samir Əliyev hər nə qədər gənc olsa da, Əsgər Abdullayevdən daha cəsarətli, daha baxımlı futbol oynadırdı komandaya. Rəhbərliyi narahat edən də elə budur. “Neftçi” nə oyunu, nə də əldə etdiyi nəticələrlə göz oxşamır. Deyilənə görə, artıq futbolçular da Əsgər Abdullayevdən narazılıqları dilə gətirməkdən çəkinmirlər.

 

Bizdə olan informasiya həm də ondan ibarətdir ki, Əsgər Abdullayevi istefaya göndərmək istəyirlər. Sadəcə, çempionatın yarısından çoxunun geridə qaldığı bir vaxtda onu əvəzləyəcək məşqçi tapmaq çətin olacaq. Yeni məşqçi adaptasiya olana qədər avrokuboklara vəsiqə qazanmaq üçün olan-qalan ümidlər də boşa çıxa bilər. Əsgər Abdullayevin istefasını ertələyən məqam da məhz budur. 

Xəbər xətti