Şahin Diniyev: "Onlar "Kəpəz"də fantastik cütlük ola bilərdilər" MÜSAHİBƏ

00:02 - 25 Fevral 2016

"Bəxtsizlik bəzən öz sözünü deyir"
 
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Sportal.az-a müsahibə verib:
 
- III dövrədə 2 oyunda qələbə qazandınız. 2 oyunda isə məğlub oldununuz. Bu nəticələr sizi qane edir?
- Nəticlərimiz pis deyil. Normal hesab edirəm. Amma yaxşı da deyil. Rəqiblərimizə baxanda bunu normal hesab etmək olar. 6 -7 ay əvvəl yaranmış komandayıq. Məni ən çox sevindirən məqam odur ki, komandamız gözəl oyun nümayiş etdirir. Hətta məğlub olduğumuz matçların çoxunda qələbəyə layiq oynamışıq. Komandamızın durumu məni qane edir.
 
- Qeyri-stabil çıxışı nədə görürsünüz?
- Buna qeyri-stabillik deməzdim. Düzdür, nəticələrimizə baxanda sizinlə razılaşıram. Amma oyunumuza baxanda bunu müşahidə etmirik. Keçirdiyimiz 4 oyununda məzmunlu oyun nümayiş etdirmişik. Sadəcə, bəxtsizlik bəzən öz sözünü deyir.
 
- Bəzi matçlarda Tadas Simaitis səhvlərlə yadda qalır. Bunu rəqabətin olmaması ilə əlaqələndirmək olar?
- Rəqabətin olmaması ilə bir qədər razılaşıram. Amma Simaitis həm insan kimi, həm də peşəkar biridir. Rəqabət də var. Eyyub Əliyev yaxşı qapıçıdır. Şans olmur ki, o da qapını qorusun. Çünki bizim oyunlar gərginliyi ilə yadda qalır. Hesablara baxanda bunun şahidi oluruq. Biz gənc qapıçıya deməzdik ki, inanmırıq. İstəmirik ki, hansısa oyunda səhvlə yadda qalsın və bizdə onun üstündən xətt çəkək. Tadas Simaitis 19 oyundur ki, bizi öz çiynində aparır. Ola bilər ki, səhvlər etsin. Mən ondan razıyam.
 
- Qış transfer pəncərəsində “Qarabağ”dan icarəyə götürdüyünüz Namiq Ələsgərovun çıxışını necə dəyərləndirirsiniz?
- Fikrimcə, Namiq Ələsgərov tam potensialını ortaya qoya bilməyib. O, oyunda-oyuna daha da inkişaf edəcək. Sürətli və texnikalı futbolçudur. Onun bizə çox köməyi dəyəcək. Biz də öz növbəmizdə Namiqi yenidən milli komandaya qaytaracağıq,
 
- Sizcə, Namiq Ələsgərov Dario Federiko Juniorun boşluğunu doldura bilib?
- Bizim taktikamız belədir ki, əsasən cinahlardan sürətli hücumlar təşkil edirik. Bəli, Namiq oyunumuzun sürətinə sürət qatıb. Dario da olsaydı, onlar fantastik cütlük olacaqdılar.
 
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız…
- Bu oyuna ciddi hazırlaşırıq. “Sumqayıt” AZAL-la oyunda “qara zolaq”dan çıxmağa müvəffəq olub. Samir Abasovun yetirmələri uğurlu seriyanı bizimlə oyunda da davam etdirmək istəyəcəklər. “Sumqayıt”a ciddi yanaşarıq və bizi çox çətin oyun gözləyir.
 
Mehman Əşrəfov

Xəbər xətti