"Nə qədər gücüm var, o qədər də oynayacam"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun "İnter"lə matçdan sonra Sportal.az-a müsahibəsi:
- "İnter"lə səfərdə 1:1 hesablı heç-heçəyə razılaşdınız...
- Gərgin oyun keçdi. Belə olacağını da gözləyirdik.İkinci dövrəyə pis başlasalar da, son turda göstərdilər ki, özlərinə gəliblər. Heyətlərində də təcrübəli oyunçular var, oyun da bunu göstərdi. İstədiyimiz kəsərli hücumları qura bilmirdik. Düzdü, oyuna nəzarət edirdik, amma istədiyimiz qol imkanlarını yarada bilmirdik. Rəqib də əks-hücumda bizi tutdu və qolunu vurdu. İkinci hissədə hamılıqla irəli atıldıq ki, məğlubiyyətdən qaçaq. Çox şükürlər olsun ki, məğlub olmadıq. “İnter” kimi rəqibdən səfərdən bir xal götürmək pis nəticə deyil.
- Oyun son 10 dəqiqədə daha sürətləndi...
- Ümumiyyətlə, “İnter”ə qarşı oynamaq hər zaman çətindi. Çünki xüsusi sistemlə oynayırlar. Qapalı müdafiə olunurlar, istədiyin hücumları qura bilmirsən. Rəqib də sənin üstünə gəlməyəndən sonra heç cür istədiyin hücumu qura bilmirsən. Özü də belə təcrübəli komandaya qarşı oynamaq çətin olur. Düşünürəm ki, səfərdə oyunu olmasına rəğmən pis oyun alınmadı.
- 65 dəqiqə çərçivəyə doğru zərbə getmədi. Bunu “İnter”in müdafiəsilə əlaqələndirmək olar, yoxsa necə?
- Hər ikisi ilə əlaqələndirərdim. Biz də hücumda istədiyimiz kimi kəsərli olmurduq. “İnter” də çox yaxşı müdafiə olunurdu. Ümumiyyətlə, həmişə “İnter”ə qarşı oyunlarımız ağır alınıb. Bu oyunda da yaxşı müdafiə olundular, yaxşı qapandılar. Bizə də bu müdafiəni yarmaq çox çətin idi.
- Bir anlıq fikirləşdin ki, üç xal əldən gedir və “Zirə” ilə xal fərqi üçə enir?
- Var idi, elə bir fikir var idi sözün düzü. Qol buraxandan sonra çox əsəbləşdim. Çünki bilirdim ki, “İnter” kimi komandaya qol vurmaq çox çətin olacaqdı. “İnter”in müdafiəsini yarmaq çox çətindi. Bir anlıq fikirləşirdim ki “İnter”ə qol vurmaq çətin məsələdi. İkinci yarıda da işlər elə gedirdi ki, sanki qol vura bilməyəcəyik. Bir anlıq elə düşündüm ki, “Zirə” ilə xal fərqimiz üç olacaq, “Qəbələ” ilə yeddi. Axır 10-15 dəqiqədə bunu fikirləşirdim.
- Son dəqiqələrdə özün hücuma atıldın və sanki hər kəs sənin qol vuracağını gözləyirdi...
- Baş məşqçi dedi ki, irəli get itiriləsi heç nəyimiz yoxdu. Son 6-7 dəqiqə idi və irəli atıldım. Şükür Allaha bu da uğurlu alındı. Xüsusi bir şey yox idi.
- Növbəti turda ikinci pillədə qərarlaşan "Zirə” ilə qarşılaşacaqsınız. Bu oyunu final kimi hesab etmək olar?
- Final hesab etməzdim. Çünki irəlidə çox oyunlar var.Aramızda dörd xal oldu. Çalışacağıq ki, “Zirə”yə qalib gələk və xal fərqini artıraq. Ən əsası bu tip oyunlarda məğlub olmayıb xal fərqini qorumaqdır.
- Bir neçə gün sonra kubok görüşünüz var, bu ağır qrafikə təsir edəcək?
- Təbii ki, təsir edəcək. “Sumqayıt” kimi komanda ilə oynayacağıq. Onlar da çempionata pis başladı, amma görünür ki, onlar da son oyunlarda öz oyunlarını tapıblar. Bizi kubok və çempionat oyunlarında ağır oyunlar gözləyir.
- Çoxları düşünürdü ki, Rəşad Sadıqov karyerasını başa vuracaq. Bu oyunda vurduğu qolla demək olar ki, Rəşad Sadıqov daha gücünün olduğunu sübut etdi.
- Bu haqda fikirləşmirəm. Nə qədər gücüm var, o qədər də oynayacam.
saytlarin hazirlanmasi