Elnur Abdullayev: "Qarabağ"dan bir xal almaq yaxşı nəticə sayılmalıdır" MÜSAHİBƏ

11:00 - 29 Fevral 2016

"Qarabağ"a qarşı açıq futbol oynamaq düzgün deyil"
 
“İnter”in yarımmüdafiəçisi Elnur Abdullayev “Qarabağ”la (1:1) keçirdikləri matçdan sonra Sportal.az-a müsahibə verib.
 
- Oyun haqda təəssüratlarınız?
- Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bütün komanda bu matça yaxşı hazırlaşmışdı. İlk hissədə qol vurduq. İkinci hissədə isə daha çox müdafiə haqda düşündük. “Qarabağ”dan 1 xal almaq özü bir uğurdur.
 
- Amma ikinci hissədə əks-hücumlar təşkil etmədiniz...
- Bəlkə də artıq komandada yorğunçuluq var idi. Amma biz sona qədər mübarizə apardıq. Təəssüflər olsun ki, oyunun sonlarında qələbəni əldən verdik. Bir daha söyləyirəm ki, “Qarabağ”dan 1 xal almaq yaxşı nəticə sayılmalıdır.
 
- Açıq oyun oynamamağınızı baş məşqçiniz tapşırmışdı?
- “Qarabağ”a qarşı açıq futbol oynamaq düzgün deyil. Əgər belə oynasan, onlar boşluqlar tapacaqlar. Məşqçimiz bizə belə taktika vermişdi. Fikrimcə, yaxşı alındı.
 
- Sizcə, oyunun nəticəsi ədalətli idi?
- Bizim də fürsətlərimiz oldu. İlk hissədə “Qarabağ”ın qol şansı olmadı. Bəli, görüşün ədalətli nəticəsi bu idi.
 
- Hazırda 4-cü pillədəsiniz. Avroliqa şanslarınızı necə dəyərləndirirsiniz?
- Biz sona qədər mübarizə aparacağıq. Amma UEFA-dan son qərar gəlməyib. Biz istəyirik ki, avrokuboklara vəsiqə qazanaq və bunun üçün çalışırıq.
 
- Kubok matçında “Rəvan”la qarşılaşacaqsınız...
- “Qarabağ”a qarşı necə oynadıqsa, “Rəvan”a qarşı da elə oynayacağıq.

Xəbər xətti