Azərbaycanı biabırçılıq gözləyir, Rövnəq Abdullayev isə hələ də qış yuxusundadır QEYD

15:45 - 18 Mart 2016

Elxan Məmmədov onun "başının altına yastıq qoyur"

 

Rövnəq Abdullayevin daha 4 il müddətinə AFFA prezidenti seçilməsi o demək idi ki, bu ölkənin iqtidarına futbol lazım deyil. Bir-iki “kosmetik” təyinatları nəzərə almasaq, heç bir dəyişiklik yaşanmadı futbolumuzda. Yenə eyni adamlar, yenə eyni iş tərzi, yenə eyni təfəkkür. Əmin olun, bu təfəkkürlə idarə olunan AFFA hələ bizə çox rəzalətlər yaşadacaq. Yadınızdadırsa, ölkəmizdə təşkil olunan qızların U-17 dünya çempionatından qabaq bir-birindən maraqlı roliklər hazırlanırdı. “11 ürək, 11 arzu”, daha nələr və nələr deyilirdi. Yekunda Elxan Məmmədovun ürəyindəki arzular tərsinə oldu və qapımızda 11 qol görməklə dünyaya biabır olduq. Elə ölkəmizdə keçirilən Avropa Oyunları zamanı da çimərlik futbolu üzrə yığmamız da bıabırçı çıxışla bizlərə rəzalət yaşatdı...

 

AFFA-dakılar öyrəniblər, uğursuzluq olan kimi hamı məsuliyyəti bir-birinin üzərinə atır. Biz yaxşı anlayırıq, həm Rövnəq, həm də Çingiz Abdullayev, onlarla yanaşı Elxan və Elnur Məmmədovlar, eləcə də onların yanı-yörəsində fırlananların əksəriyyəti futbolumuzda təsadüfü adamlardı. Ancaq bu illər ərzində onların ucbatından yaşadığımız biabırçılıqlar yalnız bu təsadüfü adamların deyil, ölkəmizin adına yazılır.

 

Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının başlamasına elə də çox vaxt qalmayıb. Yoldaşlıq oyunlarından sonra açıq-aşkar görünür ki, millimiz mötəbər turnirin final mərhələsinə hazır deyil. Bizi RƏZALƏT gözləyir. Və ən pisi odur ki, Rövnəq Abdullayev bu komanda haqqında xoş sözlər deyib. Təbriz Həsənovun komandası “ölüb, yerdən götürəni yoxdu”, Rövnəq Abdullayev isə onlara tərif yağdırır. Dərhal hiss olunur ki, AFFA prezindentinin U-17-nin yoldaşlıq oyunlarından xəbəri yoxdur. Baş katib Elxan Məmmədov isə həmişəki kimi onun “başının altına yastıq qoyur”.

 

Biri Rövnəq Abdullayevi bu qəflət yuxusundan oyatsın! Düzdü, vaxt azdı, artıq köklü dəyişiklik etmək mümkün olmayacaq. Ancaq təcili surətdə uşaq futbolunda çalışan aparıcı mütəxəssisləri dəvət edib çıxış yollarını tapmaq lazımdır ki, heç olmasa qrupu 0 xal və 0 qolla bitirməyək!

 

SPORTAL.AZ

Xəbər xətti