"Bizim heyətimiz elə də zəngin deyil"
Azərbaycan Premyer Liqasının 35-ci turunda “Neftçi”ya 2:4 hesabı ilə uduzan “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin Sportal.az saytına müsahibəsi.
- Gözlənilməz məğlubiyyət idi?
- Baxımlı oyun oldu. Azarkeşlər bu matçdan həzz aldı. Gözləyirdik ki, “Neftçi” belə oyun nümayiş etdirəcək. Rəqib layiqli qələbə qazandı. Çünki qol epizodlarından maksimum şəkildə yararlana bildilər. Hələ heç nə bitməyib. Son turda əlimizdən gələni edəcəyik.
- Zədədən sonra yaşıl meydanlara qayıtdın. Özünü necə hiss edirsən?
- Özümü piss hiss etmirəm. Hər şey qaydasındadır. Son turda da çalışacam ki, daha yaxşı oyun sərgiləyim. Özümüzü çətin vəziyyətə salmışıq. Çalışmalıyıq ki, hər şeyi öz xeyrimizə həll edək.
- “İnter” sanki bu matçda oynamaq istəmirdi...
- Sözün düzü, mən də elə epizodlar gördüm. Bəzi futbolçular topa ayaq qoymaq istəmir. Komandamızın baş məşqçisi var. Hər şeyi o görür. Kim topa ayaq qoyur, kim qoymur. Kənardan hər şey yaxşı görünür. Qoy, buna baş məşqçimiz özü nəzarət etsin və qiymət versin. Belə vəziyyətdən özü çıxış yolu tapsın. Mən belə müqayisə aparmaq istəmirəm ki, kim zəif oynadı, kim güclü. Əgər mən topa bilə-bilə müdaxilə etməsəm, artıq futbolu buraxa bilərəm. Futbol kişi oyunudur. Fərqi yoxdur ki, qələbə qazandın və ya məğlub oldun. Əsas odur ki, layiqli mübarizə apar.
- Bəlkə avrokuboklara getməməyiniz komandaya pis təsir edir?
- Biz dərk edirik ki, bu mövsüm avrokuboklara vəsiqə qazansaq, cəzamızı bitirəcəyik. Əgər bunu bacarsaq, növbəti mövsümə rahat şəkildə hazırlaşacağıq. Ola bilər ki, siz düzgün vurğulayırsınız. Bəzi futbolçulara bu amil pis təsir edir. Hazırda problemimizi həll etmək üçün yaxşı şans var və bundan yararlanmaq lazımdır. Əgər bunu hansısa futbolçu düşünürsə, səhv fikirləşir. Bu, doğru deyil.
- “İnter”də bir çox futbolçuların yaşı çoxdur. Düşünmürsən ki, gəncləşdirmə siyasəti aparmaq lazımdır?
- Bu işlərə mən baxmalı deyiləm. Baş məşqçi düşünməlidir. Salukvadze, Lomaya və digərləri mənim komanda yoldaşlarımdır. Biz hamımız “İnter” üçün can qoyuruq. Bu haqda nəsə deməyə mənim haqqım çatmır. Fərqi yoxdur ki, sağımda Salukvadze oynayır və yaxudda başqası. Verilən tapşırığı yerinə yetirməyə çalışıram. Əgər hər hansısa futbolçu səhv edirsə, buna mən cavabdeh deyiləm. Həmin futbolçuya məşqçi cavabdehdir.
- “İnter”də nə çatmadı ki çempionluq uğrunda mübarizə apara bilmədi?
- Son 7-8 turda heyətimizdə zədəlilər çox oldu. Əsas heyətin futbolçuları demək olar ki, oynamadılar. Deyərdim ki, zədə ücbatından kifayət qədər əziyyət çəkdik. Bizim heyətimiz elə də zəngin deyil. Bu problem yaradırdı. Mövsümün əvvəlindən vəziyyət çətin idi. Təsəvvür edin ki, məşqə gəlirdik ki, 7-8 əsas heyət üzvü yoxdur. Hamısı zədələnib. Bu şəraitdə mübarizə aparmaq çətin idi.
- “Zirə” ilə matçda bürünc medalları təmin edəcəyinizə inanırsınız?
- “Zirə”ni məğlub etməyə çalışacağıq. Digər komandaların nəticəsi bizi maraqlandırmır. Yalnız qələbə.
saytlarin hazirlanmasi