"Etiraf etmək lazımdır ki, “Qarabağ” hamıdan üstündür"
“Qəbələ” ilə müqaviləsi başa çatan və ölkəsinə yollanan Dodo “Qafqazinfo”ya müsahibə verib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu ölkəmizdəki 5 illik karyerasından və “qırmızı-qaralar”la qazandığı uğurlardan danışıb.
- Dodo, Azərbaycandakı 5 illik karyeran necə alındı?
- Mən “Qəbələ”də uğurlu karyera keçirdim. 5 il bu komandada istədiyim kimi çıxış etdim. Kapitan oldum, Avropa Liqasının qrup mərhələsində oynadım. Çox uğurlu bir karyera alındı. Komanda mənim üçün çox şeylər etdi və mən də onlar üçün əlimdən gələni etdim. Mayın 31-də müqaviləm başa çatır. Böyük ehtimalla mənimlə yeni müqavilə olmayacaq. Buna baxmayaraq kluba minnətdaram.
- Klubun meneceri Səbuhi Səfiyarlı bildirib ki, Dododan yaxşı futbolçu tapsaq, onunla müqavilə yenilənməyəcək. Əks-halda ola bilər ki, komandada qalsın...
- Mənim üçün “Qəbələ”də oynamaq hər zaman əladır. Əgər istəsələr, yenidən ora dönərəm. Amma hələ ki, rəsmi təklif yoxdur.
- Zədən nə yerdədir? Son aylarda oynaya bilmədin...
- Zədəm yavaş-yavaş sağalır. Amma daha tez bərpa olması mümkün idi. Bir az problemlər oldu. İndi vətənimdəyəm və tam bərpa olmağa çalışıram. Karyeram üçün gələcəyə baxacam.
- Azərbaycandakı karyeranın ən uğurlu dönəmi nə zaman idi?
- Avropa Liqasının qrup mərhələsində oynadığımız vaxt. Həm mənim üçün, həm də komandam üçün əla günlər idi. Avropanın nəhəng komandalarına qarşı oynadıq. Dortmund “Borussiya”sı ilə gərgin matçlarımız oldu. Çox şey öyrəndik.
- Düşünmürsən ki, son illərdə Azərbaycan futbolunun səviyyəsi çox düşmüşdü...
- Çempionatda müəyyən çatışmazlıqlar var idi. Maliyyə problemləri komandalara təsir edirdi. Amma tam pis vəziyyətdə olduğunu deməzdim. Bir şeyi də etiraf etmək lazımdır ki, “Qarabağ” hamıdan üstündür.
saytlarin hazirlanmasi