AFFA-dan gülməli təklif: 23 milyonluq iki stadiona 2,5 milyon təklif edir

19:53 - 24 May 2016

"Bu arenanın hazırkı dəyəri minimum 18 milyon dollardı"
 
AFFA-nın Lənkəran stadionunu ələ keçirmək cəhdləri və bununla bağlı "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimova edilən zəng barədə dünən mətbuatda məlumat getmişdi.
 
Sportal.az Rekord.az-a istinadən xəbər verir ki, məsələnin detalları ilə bağlı yeni məlumatlar daxil olub.
 
Məlumatla tanış olsanız, "Xəzər Lənkəran" rəhbərliyinin hiddətini siz də başa düşəcəksiniz. Məsələ konkret bundan ibarətdir ki, AFFA o boyda stadionu "havayı" ələ keçirmək istəyir. Daha da konkretləşdirsək, federasiya həm Masallı, həm də Lənkəran stadionunu öz balansına keçirmək istəyir. Bunun üçün isə "Xəzər Lənkəran"a 2,5-3 milyon civarında pul təklif edir. Bundan başqa, AFFA-dan deyilib ki, kluba lisenziya verilərək Premyer Liqada saxlanılacaq və yardım üçün bu və gələn il onların büdcəsinə 1,5 millyon pul ödəniləcək. Bir sözlə, AFFA 5-6 milyon xərc çəkməklə o boyda stadionları, bazanı və hardasa klubu da ələ keçirmək istəyir. Təbii ki, Mais Mənsimov bu təklifi ilk cəhddə haqlı olaraq rədd edib. 
 
Həqiqətən də gülünc təklifdi. Çünki Mübariz Mənsimov Lənkəran stadionunun tikintisinə 18 milyon dollara yaxın pul xərcləyib. Yəni, bu arenanın hazırkı dəyəri minimum 18 milyon dollardı. Masallı staidonuna gəlincə, "Xəzər Lənkəran" rəhbərliyi bir müdət bundan qabaq borclarını ödəmək üçün həmin stadionu satışa çıxarmış və 5 milyon dollar qiymət qoymuşdu. Gördüyünüz kimi, üst-üstə 23 milyon dəyəri olan iki stadiona AFFA 2,5-3 milyon pul təklif edir və bununla da Lənkəran klubunun ağır durumundan istifadə edib o boyda arenaları "su" qiymətinə ələ keçirmək istəyir.

Xəbər xətti