Avroliqada “Slovan”la oyundan qabaq daxili çempionatdakı AZAL-la matç “Qarabağ” üçün rahat alındı. Futbolçular özlərini az qala məşqdəki kimi sərbəst hiss edirdilər. Düzdü, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov heç bir oyuna məşq kimi yanaşmadıqlarını deyib. O, belə məsələlərə çox həssas yanaşır və rəqibə yuxarıdan aşağı baxmağı, etinasız yanaşmağı heç bir futbolçusuna bağışlamaz. Amma fakt faktlığında qalır ki, dünən “Əlincə”dəki 90 dəqiqə “Qarabağ” üçün məşq kimi bir oyun oldu...
Artıq 2-ci dəqiqədə hesab açılanda, bunun AZAL üçün yaxşı heç nəylə bitməyəcəyi aydın idi. Dino AZAL-ın qapıçısı və müdafiəçisi ilə “süpürləşdiyi” bir məqamda Reynaldo rahat bir şəkildə topu tora göndərdi. Bu epizodda braziliyalını ümumiyyətlə tutan yox idi, sanki hamı onu unutmuşdu. Görüşün əvvəlində buraxılan bu qol göstərdi ki, AZAL-ın müdafiə xəttində ciddi problemlər var.
Birinci hissədə “Qarabağ”ın hücumlarının ardı-arası kəsilmirdi. Reynaldo imkan düşdükcə uzaq məsafədən zərbə texnikasını təkmilləşdirirdisə, Dino nəyin bahasına olursa-olsun qol vurmağa çalışırdı. Dina komanda yoldaşlarına ötürmə vermək əvəzinə, özü zərbə vurmağa üstünlük verirdi. Riçard və başqaları durumu yaxşı anladıqlarına, oyunun rahat keçdiyinə görə Dinonu yola verirdilər. Amma qeyd eləməliyik ki, yeni futbolçu yersiz fərdi oyunu ilə zaman-zaman hücum intizamını pozurdu. Yəni, eyni hərəkətləri “Slovan”la və ya digər matçlarda təkrarlamaq lazım deyil!
“Qarabağ”ın fasiləyə qədər vurduğu daha iki qol oyunun axarının məntiqi nəticəsi idi. Miçelin vurduğu qol isə AZAL-ın müdafiəsindəki ciddi problemlərin bariz nümunəsiydi. Kintana və Miçel qapının düz önündə rahat mövqe tutublar, onları bağlayan yoxdur. Biri sinəsiylə saxlayır, o birisi topu tora göndərir... Bu nə müdafiədi?
İkinci hissə də elə birinci kimi keçdi. Kintanın vurduğu qol konkret olaraq qapıçı Aqil Məmmədovun səhvi idi. Qapıçı ispanın ötürmə edəcəyini düşündü və yaxın küncdən qol buraxdı. Yaxın küncün cavabdehliyi isə həmişə qapıçının üzərindədi. Reynaldonun birinci hissədə qapıya uzaq məsafədən zərbələr vurduğunu vurğulamışdıq. Nəhayət, ikinci hissədə istəyinə çatdı. Olduqca baxımlı qol vurdu. Bu oyuna öz damğasını vuranlardan biri də Maksim Medvedev oldu. Onun nə vaxtsa dubl etdiyini xatırlayırsız? Şəxsən mən yox.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov 0:6 hesablı məğlubiyyətdən sonra danışmağa söz tapmadığını dedi. Doğrudan da nə danışsın axı? Əslində, AZAL ötən mövsümə də ardıcıl məğlubiyyətlərlə başlamışdı. Sonradan toparlana bildilər. Bəlkə bu mövsüm də bacararlar, zaman göstərər.
Həmid
saytlarin hazirlanmasi