Tale Heydərov: "Meydanda savaş var idi" MÜSAHİBƏ

00:08 - 3 Oktyabr 2016

“Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycan Premyer Liqanın 7-ci turunda “Qarabağ” ilə matçdan (2:0) sonra  Sportal.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

O, ilk növbədə qələbəni şərh edib:

 

- Bu, bizim üçün çox mühüm oyun idi. Çempionla mübarizə aparırdıq və şahidi oldunuz ki, bu gün meydanda savaş var idi. Bizim üçün vacib olan 3 xalı qazandıq.

 

- Ən böyük rəqiblərinizdən birini məğlub etdiniz.
- Bəli, ən böyük rəqibimiz "Qarabağ"dır və bu qələbə bizi məqsədimizə daha da yaxınlaşdırır. Amma indidən çempionluq barədə nəsə demək çox tezdir.

 

- Komandanızın Avroliqadakı "Maynts" məğlubiyyəti sizə necə təsir etdi?
 - Çox məyus oldum. Bilirdik ki, güclü komanda ilə mübarizə aparırıq. Bir növ qələbəni əldən vermiş kimi olduq. Çünki oyunun gedişində 2:1 önə keçmişdik. Çalışacağıq ki, daha mübariz oyun göstərək.

 

- Bu gün komandalarının qalib gəlməsinə baxmayaraq, "Qəbələ"nin bir çox azarkeşi matçın artıq 80-ci dəqiqəsində tribunaları tərk edirdi. "Qəbələ"nin azarkeş problemini həll etmək üçün hansı işləri görürsünüz?
- Məncə, bu, təkcə "Qəbələ"nin problemi deyil. Ümumi Azərbaycan azarkeşlərinə xas olan bir xüsusiyyətdir. Bununla bağlı daha çox təbliğat aparılmalıdır. Oyunun sonuna kimi yox, paltardəyişmə otağına gedənə kimi azarkeşlər kluba dəstək olmalıdır.

 

- "Qəbələ" artıq 2-ci ildir ki, stadionu standartlara tam cavab vermədiyi üçün ev oyunlarını doğma Qəbələdə keçirə bilmir. Gələn mövsüm üçün stadionda yenilik gözlənilirmi?
 - Bəli, planımızda var. Biz istəyirik ki, stadionu həmin standartlara çatdıraq. Gələn ilə alınmağını planlaşdırırıq.

 

Xəbər xətti