“Qarabağ”ın qol seriyası qırılıb. Cari mövsüm keçirdiyi bütün qarşılaşmalarda qol sevinci yaşayan Qurban Qurbanovun yetirmələri Azərbaycan Premyer Liqasının 7-ci turunun “Qəbələ”ylə səfər matçında rəqib qapısına yol tapa bilməyib - 0:2.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ilk 6 görüşündə meydandan qolsuz ayrılmayan Ağdam klubu ötən çempionatın son 17 qarşılaşmasında da rəqib qapıçıları məyus etmişdi. Son 23 çempionat oyununda bu seriyasını davam etdirən “Qarabağ” 2016-cı ildə yalnız 1 dəfə fərqlənməmişdi. Bu, ilin ilk görüşünə təsadüf etmişdi. Yanvarın 31-də səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “ağ-göylər” 245 gündən sonra qolsuz qalıb.
Bu seriya ölkə çempionatları tarixində 5-ci nəticənin təkrarıdı. 1999-2000-ci illərdə “Kəpəz” də ardıcıl 23 qol vurmuşdu. Ən uzun 4 seriya isə “Turan” (33), “Şəmkir” (28), “Kəpəz” və “Neftçi”yə (hər ikisi 25) məxsusdu.