"Səbail"i məğlub etdiyimiz oyundan sonra qalib məşqçi kimi getməli idim" MÜSAHİBƏ

11:58 - 18 Oktyabr 2016

"Qaradağ Lökbatan"dan ayrılan baş məşqçi Əfqan Talıbov Sportal.az-a müsahibə verib.

 

- Klubdan ayrılma səbəbiniz nə oldu?
- Komanda ardıcıl 3 oyun qalib gəldi. Az da olsa, mükaf almalı idik, amma gecikmə oldu. “Ağsu” ilə səfər oyununa isə gec gedib çatmışdıq. Buna səbəb isə yolda olan problem idi, təmir işləri gedirdi. Matçdan bir gün əvvəl Şamaxıda qalmışdıq. Belə olduğunu bilmirdik. 2 saat bütün yolları gəzmişik. Oyuna 10 dəqiqə qalmış çatdıq. Əsəb gərginliyi var idi. Yolda çox yorğun olduq. İlk hissədə özümüzə gəlməmiş 2 qol buraxdıq. Futbolçular çox zəif oynadı. 4-5 futbolçu meydanda hansı məqsədi güdürdü, bilmirəm. Bir neçə oyunçum da zədəli idi. 

 

- 4-5 futbolçunun məsuliyyətsiz yanaşdığını bildirdiz. “Şahdağ”la oyunda sizə son şans verildiyi də bildirilirdi...
- “Ağsu” və “Şərurspor”la matçlarda çox ciddi səhvlər buraxdıq. Əsas da qolkiperlərimiz çox inanmsız idi. Qapıçıların səhvləri müdafiəçilərə də təsir edirdi. Komanda ruhdan düşürdü. Uduzduğumuz oyunlarda hesabda irəli çıxsaq da, qoruya bilməmişdik. Bölgə klubları yerli azarkeşlərin dəstəyi ilə uğurlu çıxış edirlər. Bizim oyunçulara bunu tapşırmışdım. Qapıçılarımız uşaq səhvləri etdi. Autdan qollar buraxdıq. Klubda məşqçi kimi çalışan Hüseyn Məhəmmədovun 42 yaşı var və o oyuna çıxsaydı, elə səhvlər etməzdi. “Şahdağ”la oyunda Məhəmmədova şans vermək istəyirdik, klubdan bildirdilər ki, oynaya bilməz.

 

- Bəlkə sizə qarşı “torba əməliyyatı” var idi ?
- Mənim bir səhvim oldu ki, “Səbail”i məğlub etdiyimiz oyundan sonra qalib məşqçi kimi getməli idim. Bunu özümə bağışlaya bilmirəm. Artıq yavaş-yavaş ocaqlar başlayırdı. Bu, futbolçular tərəfdən idi. 

 

- Futbolçular sizdən niyə narazı idi?
- Yəqin ki, kimsə orda daha çox qalmaq istəyir. Ehtiyatda daha çox qalan futbolçular məndən narazı ola bilərlər, məşqlərdə əzmkar çalışmalarını istəyirdim. Mən çox tələbkar idim. Tapşırmışdım ki, bu dəfəki çempionat daha güclüdür, uşaq bağçası deyil.

 

- Mövsümün əvvəlində “Qaradağ Lökbatan” legioner gətirməli idi...
- Lazım olsaydı, gətirəcəkdik. Alınmadı.

 

- Təkliflər var? Deyilənə görə “Şərurspor”la danışıqlar gedir...
- “Şərurspor”un qapısı həmişə mənim üzümə açıqdır.

Xəbər xətti