İlk baxışdan Tovuz klubunda hər şey qaydasında gedir. I Divizionda qış fasiləsinə lider kimi yollanıblar, klubu futbol adamları idarə eləyir, yaxşı heyət qurublar. Bir sözlə, bu gedişlə “Turan Tovuz”u bütün yollar Premyer Liqaya aparır. Amma bunlar məsələnin görünən tərəfidi, görünməyən tərəfi isə...
Klubda Müşahidə Şurası yaradılır və sədr vəzifəsinə futbol veteranı Oqtay Abdullayev gətirilir. İcraçı direktor vəzifəsi Tovuz futbolunun tanınmış simalarından olan Nadir Nəbiyevə tapşırılır. Baş məşqçi postu təcrübəli mütəxəssis Əsgər Abdullayevə həvalə olunur. Bu gedişlər öz bəhrəsini verir və komanda inamlı çıxış edərək liderlik kürsüsünü ələ keçirir. Lakin turlar arxada qaldıqca, Tovuz klubunun belə inamlı çıxışı daxildən kimlərisə narahat eləməyə başlayır. Bəzi matçlarda oyun başlar-başlamaz tribunada yer alan bir qrup şəxs futbolçuları təhqir edir, onları oyun satmaqda ittiham edirlər. Rayon əhalisi arasında klubda yeyintilərin olmasına dair məlumatlar yaymağa başlayırlar. Yerli icra orqanları da kluba etinasız yanaşırlar, heç bir dəstək vermirlər. Təbii ki, belə ab-hava komandaya təsirsiz ötüşmür. Nə qədər qəribə səslənsə də, Tovuz klubu Tovuzda blokada şəraitində yaşamaq məcburiyyətində qalıb...
“Turan Tovuz”da vəziyyət çox gərgindir. Oqtay Abdullayev–Nadir Nəbiyev–Əsgər Abdullayev triosu “Turan Tovuz”u layiq olduğu yerə daşımağa çalışsa da, bu yolda onlara əngəl olanlar elə klubdaxili, klub ətrafında olan qüvvələrdir. Sportal.az saytının əldə etdiyi məlumata görə, Müşahidə Şurasının sədri Oqtay Abdullayev tutduğu postu tərk eləmək istəyir. Çünki o da anlayır ki, hadisələr bu xətt üzrə cərəyan eləyərsə, nə komanda qalacaq, nə də Premyer Liqa olacaq. Məsələyə aydınlıq gətirmək üçün Oqtay Abdullayevlə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədi.
saytlarin hazirlanmasi