Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"yə 1:2 hesablı uduzmasına baxmayaraq, yarımfinala adlayan tərəf "Neftçi" olub.
Sportal.az xəbər verir ki, ilk oyunda 3:0 hesabı ilə qalib gələn "ağ-qaralar" yarımfinalda "Qarabağ"la üzləşəcək.
Qarşılaşmadan sonra müsahibə verən bakılıların yarımmüdafiəçisi Rəhman Hacıyev maraqlı fikirləri ilə yadda qalıb. O, "Qəbələ"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
- Çətin oyun idi. 3:0 öndə idik. Məğlub olmağımıza baxmayaraq, mərhələ adladıq. "Qarabağ"la oyuna ciddi hazırlaşacağıq.
- Hesabda geriyə düşəndə həyəcan var idi?
- Xeyr. Heç bir həyəcan yox idi. Biz bilirdik ki, onlar pressinq edəcəklər. Biz də rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik. Göründüyü kimi, müdafiə futboluna üstünlük vermişdik.
- 3:0 hesablı qələbənizdən sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov cavab oyununda "Neftçi"yə 4 qol vura biləcəklərini söyləmişdi...
- Bu, bizim xeyirimizə oldu. Yaxşı oldu ki, rəqib ilk oyundan sonra təslim olmadı. Buna görə də meydana istəkli çıxmışdıq.
- Bəlkə, komandanın indiki durumuna görə, rahatlıqla "Neftçi"yə 4 dənə qol vurarıq" fikri səslənir?
- Bu, onun öz fikridi. Amma "Neftçi" kimi komandaya qarşı yaxşı söz deyil. Komandamızın durumu nə qədər pis olsa da, "Neftçi"yə layiq söz deyil.
- 5 legionerin göndərilməsindən sonra komandada ab-hava necədi?
- Futbolda hər şey olur. Sabah mən də gedə bilərəm.
- "Qəbələ"yə keçəcəyin deyilir...
- Yazılanların bəziləri doğrudu, bəziləri də səhv. Demək olar ki, yarıdan çox səhvdi. Bu barədə danışmaq istəmirəm. Hələ tezdi. Hələ ki, 1 illik müqaviləm var. Heç yerə getmək fikrim yoxdu.
saytlarin hazirlanmasi