"Biz razılaşmarıq ki, Kamran Portuqaliyanı atıb, gəlib "Neftçi"də oynasın"

02:02 - 26 Dekabr 2016

"Kamran Ağayevin "Neftçi"yə gəlmək variantı haqda mətbuatda gedən məlumatların nədən qaynaqladığını deyə bilmirəm. İş orasındadır ki, biz heç vaxt Kamranla bu haqda söhbət etməmişik".

 

Sportal.az xəbər verir ki,  bu fikirləri sportnet.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bildirib.
 
Portuqaliyanın "Boavişta" klubunda çıxış edən Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin "ağ-qaralar"a keçmək variantı haqda deyilənlərə münasibətə bildirən öz mövqeyini ortaya qoyub: "Bizim klubdan Kamranın keçidi ilə bağlı rəsmi danışıq olmayıb. Bilmirəm bu məlumatı haradan çıxarıblar.
 
Bildiyiniz kimi, Kamran Portuqaliya çempionatında oynayır. Mən mili komandanın məşqçsi kimi heç vaxt yığma futbolçusunun legioner həyatını bitirməsini istəmərəm. Bizim üçün əsas milli futbolçularının xaricdə oynamalarıdır. Təbii ki, Portuqaliya çempionatının səviyyəsi qat-qat yüksəkdir. Ona görə biz razılaşmarıq ki, Kamran Portuqaliyanı atıb gəlib Azərbaycanda oynasın. Üstəlik, "Boavişta"da əsas heyət futbolçusudur".
 
Abdullayev "Neftçi"nin baş məşqçisi olsa da, millinin maraqlarını daha üstün tutduğunu oryaya qoyub: "Əlbəttə, bu, belədir. Çünki söhbət ilk növbədə millidən gedir. Hər bir klub məşqçisi ilk növbədə yığmanı fikirləşməlidir. Çünki milli ölkənin əsas komandasıdır. Məni düzgün başa düşün, Kamrandan başqa yüz qapıçı var...Nəyə görə millinin əsas qapıçısını Portuqaliyada oynayan klubdan öz komandana götürəsən ki? Bizə nə lazımdı, Ağayev "Boavişta"da oynasın. O da oynayır axı.
 
Milli üzvlərindən kimsə gəlib mənə desə ki, "Neftçi"də oynamaq istəyirəm, hansısa klubla problemim var və yaxud müqaviləm bitib, onda onunla danışıb götürə bilərəm. Ancaq öz klubunda oynayan milli futbolçusunu cəlb etmək fikrim yoxdur. Nəyə görə bunu edim ki? Mənim üçün əsas oynamasıdır və klubun fərqi yoxdur. Təki 90 dəqiqə oynasın, özünün xoşuna gəlsin".
 
Bəs görəsən, Kamran özü "Boavişta"dan ayrılmağı, karyerasını vətəndə davam etdirməyi üstün tutsa və "Neftçi"yə keçmək istəsə, Abdullayevin mövqeyi necə olacaq?: "Birincisi, Kamran özü bunu deyə bilməz axı. Onun klubu ilə müqaviləsi var, daim oynayır.

 
Mən belə söhbətləri ona görə xoşlamıram ki, bunlar əsası olmayandır. Əgər belə variant yoxdursa, nəyə görə fikirləşməliyəm ki, Kamran qayıtsa, "Neftçi"yə gəlsə və sair. Belə bir şey olsa, onda söhbət etmək mümkündür. Axı hələ ki bir məsələ yoxdur. Kamran da bizə "Neftçi"yə keçmək istəməyi ilə bağlı müraciət etməyib".

 

Xəbər xətti