"Onun "Real"a keçidində uğurlar arzulamaq vacib deyil"

00:11 - 7 Noyabr 2025

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin “Enfild”də Trenta Aleksander-Arnolda fit səsləyən “Liverpul” azarkeşlərini tənqid edib. Xatırladaq ki, “qırmızılar”ın fanatları Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Real”la (1:0) oyunda öz keçmiş müdafiəçilərinə qarşı fit səsləri ilə reaksiya vermişdilər.

Sportal.az xəbər verir ki, Kin "Stick to Football" podkastında maraqlı fikirlər səsləndirib:

“‘Liverpul’ azarkeşlərinin reputasiyası həmişə onların sadiqliyi və xüsusi mədəniyyəti ilə bağlı olub. Amma əgər bu oğlan klub üçün illərini veribsə, sadəcə müqaviləsinin vaxtı bitibsə, siz yenə də onu fitə basırsınız... Bu, qəribədir.

Mən demirəm ki, onun gedişinə görə alqış tutmaq lazımdır, amma niyə enerjinizi 260-270 oyun keçirib, əla göstəricilər buraxan yerli bir futbolçunu fitləməyə sərf edirsiniz? Ona "Real"da uğurlar arzulamaq vacib deyil, amma buna görə ona nifrət etmək də mənasızdır. "Liverpul" azarkeşləri daim deyirlər ki, onların mədəniyyəti var. Elə isə, qoy bir az özlərinə kənardan baxsınlar.

Ən önəmlisi odur ki, son bir-iki ildə o, artıq sözlər deməyib. “Mən burada həmişə qalmaq istəyirəm” deməyib. Sadəcə susub və bəzən bu, ən düzgün qərardır. Nə qədər futbolçu görürük ki, klubuna sevgi andı içir, amma sonra gedir? O isə sakit və ləyaqətli davranıb".

Xəbər xətti