Avropanın ən güclü güləşçiləri Bakıya gəlir

15:37 - 3 May 2024

Bakı ilk dəfə güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək.

Sportal.az xəbər verir ki, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyi ölkəmizdə keçiriləcək.

32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında təşkil ediləcək.

Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcək. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq. Görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yaxın günlərdə biletlər “İticket” şirkəti vasitəsi ilə satışa çıxarılacaq.

Xəbər xətti