"Altay"ın baş məşqçisi: "Azərbaycan futboluna qayıtmağı istəyərdim" - MÜSAHİBƏ

17:11 - 18 May 2024

"Bakı" və "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Cüneyt Biçer SPortal.az saytına müsahibə verib:

- "Altay" birinci liqanı tərk etdi. Sizcə, niyə liqada qala bilmədiniz?

- "Altay"da işə başladığımız dönəmdə komandanın 4-5 təcrübəli oyunçusu ayrılmışdı. Gənc komanda olduq, yetirmələrimizlə yolumuza davam etdik. Liqada qalmaq qədər bu oyunçuları gələcək üçün hazırlamaq da əsas məqsədimiz idi. Məncə, onları da yaxşı inkişaf etdirə bildik. Bundan əvvəl oynamayan futbolçularımıza şans verərək, onları komandaya qazandırdıq. Yaxşı oyunlaroynadlq. Gənc komandanı gələn il rahatlıqla oynaya biləcək komanda halına gətirdik. Transferi qapalı olan klubumuz üçün önəmli bu idi. Nəticə olaraq yaxşı olmasa da, inkişaf baxımından uğurlu dönəm keçirdik.

- Yeni sezonda da "Altay"da qalacaqsız, yoxsa necə? Azərbaycandan təklifiniz olub?

- Düzü, indidən bir söz deyə bilmərəm. Çünki hələ ki, konkret bir şey yoxdur. Zamanla necə olacağına baxacağıq.

- Heç Azərbaycan Premyer Liqasını izləyirsiz? "Bakı" olmasa da, "Xəzər Lənkəran"ın böyük futbola qayıdacağı gözlənilir. Bu haqda fikriniz necədir?

- Hər iki klub mənim üçün çox qiymətlidir. Allah qoysa, ikisi də Azərbaycan futboluna qayıdar. Kim bilir, bəlkə biz də bir gün qayıdacağıq. Təbii ki, Azərbaycan futboluna qayıtmağı istəyərdim.

- Bu mövsüm Türkiyədə oynayan azərbaycanlı futbolçuları izlədiniz? Sizcə, ən yaxşı performansı kim göstərdi?

- Məncə, azərbaycanlı futbolçular ümumilikdə yaxşı mövsüm keçirdilər. Komandalarının durumuna görə uğurlu oldular. Hamısını da izləyirdim.

- Yeni mövsümdən birinci liqa və ya Superliqa klubuna baş məşqçi təyin olunsanız, hansı azərbaycanlı futbolçunu komandaya cəlb edərsiz?

- Birinci liqada çalışarsam, azərbaycanlı futbolçularla işləmək istəyərəm. Amma bunun kim olacağı məsələsi həmin günün və klubun şərtlərinə uyğun olacaq. Bu mənada, gələcək hər şeyi göstərəcək.

Mirbağırağa

Xəbər xətti