UEFA Çempionlar Liqasının yarımfinalında "Barselona"nın qonağı olacaq "Liverpul"un baş məşqçisi Yurgen Klopp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis konfransa "Adımı "Google"da yazın, çoxlu fotolarım çıxacaq. Bu qədər şəkil çəkməyə ehtiyac yoxdur", - deyə fotoqraflara gülümsəyərək başlayıb.
51 yaşlı mütəxəssis "Barselona"nın yalnız Messidən ibarət olmadığını deyib: "Barselona" tək Messidən ibarət komanda deyil. Rəqib çox əla komandadır. La Liqada çempion oldular. Messi Çempionlar Liqasında qalib olmalarını istədiyini demişdi. Əslində, bu, bizim üçün təhdiddir. Həyatımda çox futbolçu izləmişəm. Rahatlıqla söyləyə bilərəm ki, Messi bir nömrəli futbolçudur. Atam həmişə Peleni güclü adlandırırdı, ancaq mən onu izləməmişəm".
- Hansı nəticə ilə geri qayıtmaq istəyirsiniz?
- "Nou Kamp"dan bərabərliklə dönsək, yaxşı nəticə olar. Bura bir çox komanda sağlam planlarla gəlir. Düzgün oynayırlar, amma nəticə olmur. "Levante" və "Real Sosyedad"ın burdakı oyununa baxmışdım. Yaxşı mübarizə aparsalar da, qazanan tərəf "Barselona" oldu.
- Premyer Liqa və Çempionlar Liqasındakı şanslarınızı necə hesab edirsiniz?
- Premyer Liqa və Çempionlar Liqasını qazanmaq şansımız var. Oyunlara çıxmamış uduzduğumuzu düşünənləri anlamıram. Öncə oyuna çıxaq, sonra fikir bildirilsin.
- "Nou Kamp"ı açıqlamanızda məbəd adlandırmamısınız.
- Mən futbol aşiqiyəm. "Nou Kamp"la bağlı mənfi söz söyləyə biləcəyimi necə düşünə bilirsiniz? Burada çox komanda əziyyət çəkib. Bizim üçün də asan olmayacaq.
- Son 6 finalda məğlub olmusunuz.
- Məğlubiyyət də insana təcrübə qazandırır. Uduzmağı heç kim istəməz, ancaq bu da məlhəmdir. Son 6 finalda uduzsam da, bunları yaxşı vaxtlarımda almışam. Məğlubiyyətlər məni sındırmır.
- İspaniyada qələbəniz yoxdur.
- Heç vaxt qazanmamışam?
- 5 heç-heçə və 3 məğlubiyyət.
- Məncə, bu, pozitiv rəqəmdir. İlk sualda qeyd etməli idiniz (gülür).
saytlarin hazirlanmasi