15 yaşında ata olan Premyer Liqanın yeni ulduzu

14:29 - 25 Oktyabr 2019

İngiltərə Premyer Liqa təmsilçisi “Aston Villa”nın hücumçusu Vesli Moraes həyat hekayəsini danışıb.

 

Sportal.az “Birmingham Mail”ə istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu 14 yaşında evləndiyini deyib:

 

“9 yaşında atamı beyin xərçəngi xəstəliyinə görə itirdim. Anam və qardaşlarımla qaldıq. Anam bizi saxlamaq üçün hər gün çalışırdı.

 

Məşqlərdən sonra anama zəng edirdim, çünki o, mənim hər şeyimdir. Mənə kömək etmək üçün əlindən gələni edirdi.

 

14 yaşında evləndim, bir il sonra ata oldum. Çox çətin idi. Hələ peşəkar karyeraya başlamamışdım. Peşəkar futbolçu olmağa çalışırdım. Gün ərzində həm pul qazanmağa çalışırdım, həm də axşam məşqlərinə gedirdim. Məşqə və meydana çıxanda hər zaman anamı, ailəmi, uşaqlarımı və və bu həyatda mənə lazım olan dəyərləri düşünərək, motivasiya alırdım. 

 

16 yaşında ikinci uşağım dünyaya gəldi. Buna görə də daimi iş lazım idi. Fabrikdə işləməyə başladım.

 

Çox çətin olduğu üçün klublara baxışa yollanmaq üçün müraciət etdirdim. Bir ayağım digərindən üç sm böyük olduğu üçün işim asan deyildi. Fransadan “Nansi” və “Evyan” daxil olmaqla altı klubda baxışda oldum. Sonradan Slovakiyaya üz tutdum. Əgər “Trençin” klubu məni qəbul etməsəydi, futbolla vidalaşa bilərdim.

 

İndi İngiltərə Premyer Liqasına qədər yüksəldim. Dünyanın ən mübarizəli liqasında oynayıram. Hər gün keçmişimi düşünürəm. Məni rədd edən klubları xatırlayıram. İndi bu yerdə olduğum üçün məmnunam”.

 

“Aston Villa” Veslini 2019-cu ilin yayında “Brügge”dən 25 milyon avroya transfer edib.

Xəbər xətti