FIFA-nın Futbolçu Statusu Komitəsi ilin əvvəlində "Kardiff Siti"yə transfer olan Emiliano Salanın təyyarə qəzasında vəfat etməsi ilə bağlı verdiyi qərara əsasən, klub ilk taksiti - 6 milyon avronu "Nant"a ödəməli idi.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, İngiltərə Çempionşipində çıxış edən klub bu məbləği ödəmək fikrində deyil. Uels klubu qərarla bağlı 14 gün ərzində Beynəlxalq İdman Məhkəməsinə etiraz edəcək.
"Kardiff Siti" 6 milyon avroluq taksiti ödəməsə, FIFA kluba qarşıdakı 3 transfer dönəmində futbolçu almaq qadağası qoyacaq.
Emiliano Sala yanvarın 19-u Fransa "Nant"ından İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə 17 milyon avroya transfer olunmuşdu. Yanvarın 22-də Böyük Britaniyaya yollanan hücumçu La-Manş boğazında təyyarə qəzasına uğramışdı.
Fevralın 6-sı argentinalı forvardın cəsədi tapılmışdı.
"Kardiff Siti" Salanın transferində ilkin taksiti ödəməkdən imtina etdiyi üçün "Nant" klubu FIFA-ya şikayət etmişdi.
saytlarin hazirlanmasi