18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Rustavi şəhərində bu ölkədən olan həmyaşıdlarına 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Aqil Nəbiyev matçdan sonra AFFA-nın rəsmi saytına açıqlama verib:
“İlk oyundan fərqli olaraq heyətdə bir neçə dəyişiklik etdik, digər futbolçulara şans verdik. Oyuna daha yaxşı başladıq. Yenə topa sahib olan, oyuna nəzarət edən komanda biz idik. İlk 45 dəqiqədə rəqib demək olar ki, bizim cərimə meydançamıza yaxınlaşa bilmədi. Fasiləyədək bir neçə qol imkanlarımız oldu. Nəhayət istəyimizə nail olduq, ilk qolu biz vurduq. İkinci hissədə də topa sahib olan tərəf biz idik. Ani diqqətsizlikdən qol buraxdıq, daha sonra bir nəfər azlıqda qaldıq. Gürcüstanla oyunlar bizim üçün yaxşı təcrübə oldu. Əvvəl dediyim kimi, beynəlxalq oyun təcrübəmiz azdır. Hər iki oyunu rəqibdən daha üstün oynadıq. İstəmirəm komandam müdafiə futbolu oynasın. İstər müdafiədə, istərsə də hücumda keyfiyyətli futbol oynadıq. Daha çox inkişaf etmək üçün belə davam etmək lazımdır. Növbəti il bu komanda 19 yaş qrupu olacaq. İnanıram ki, biz qrupdan lider olaraq çıxa bilərik”.
saytlarin hazirlanmasi