“Görüm xaraba qalsın buralar” ifadəsi ən ağır qarğışlardan sayılıb həmişə. Elə bil, Gəncə futbolunu da qarğıyıblar. Futbol məbədimiz sayılan bu gözəl şəhərin camaatı hələ də 90-cı illərin xiffətini çəkir. “Kəpəz”in çempionluqlar qazandığı vaxtlarda stadion ağzına qədər dolardı, şəhər futbolla yaşayardı.
Hanı indi o çempionluqlar, hanı indi iynə atmağa yer olmayan stadion...
Əslində stadionu söküb eləyən olmayıb, elə yerindədir. Amma di gəl ki, indi stadiondan çox xarabağılığı xatırladır. Mövsümün əvvəlində “Kəpəz”ə ev oyunlarını qəzalı durumda olan arenada keçirməyə icazə verməmişdilər. Sonradan birtəhər izn verildi, o da 3 mindən artıq adamın iştirakı olmadan.
“Kəpəz”in Premyer Liqaya qayıtmasından sonra “Qarabağ” ilk dəfə idi ki, Gəncəyə səfər edirdi. “Qarabağ”ı qarşıda ağır oyun qrafiki gözlədiyini nəzərə alan klub rəhbərliyi futbolçuların rahatlığı üçün qərb bölgəsinə təyyarə ilə uçmağı qərara almışdı. Qısa sürən rahat uçuş, dəbdəbəli oteldə istirahət. Yolçuluğun son ünvanı isə Gəncə şəhət stadionu idi - “Qarabağ”ın legionerlərini dəhşətə gətirən xarabalığı xatırladan bu məkan...
Deyilənə görə, gördüyü mənzərədən şoka düşən ilk adam Yassin Benzia olub. Bir vaxtlar “Lion”, “Fənərbaxça”, “Olimpiakos” kimi klublarda oynamış futbolçu buradakı soyunub-geyinmə otaqlarını, qəzalı vəziyyətdə olan stadionu görəndə çaşıb qalıb. Azərbaycan çempionatında belə bir stadionla üzləşəcəyini ağlına belə gətirə bilməzmiş deyib yanındakılara.
O vaxt Emil Mpenza da “Neftçi” ilə Tovuz səfərinə yollananda belə səhnə yaşanmışdı. Hətta Mpenzanın “Turan”la oyunda meydana çıxmaqdan imtina etdiyini də deyirlər. Klub rəhbərliyi məşhur futbolçunu güc-bəla ilə razı sala bilmişdi.
Əcnəbilərin bura gəlib nə gördüyünü, buradan gedib ölkəmiz barədə nə danışacaqlarını qoyaq bir kənara, bu stadion Gəncənin adına yaraşmır. Bu şəhər möhtəşəm arenaya, çempionluq uğrunda mübarizə aparan komandaya haqq edir! Çoxumuza (na)məlum səbəblərdən xaraba günə qalan bölgə futbolunu abadlaşdırmağın vaxtı çatıb.
Həmid
saytlarin hazirlanmasi