"Çox güman ki, Şahruddinin yoxluğunda millinin qapısını Səlahət və ya Emil qoruyacaq"

19:19 - 8 Mart 2023

"Şahruddin Məhəmmədəliyevin son vaxtlar millidə göstərdəyi performans çox yaxşı idi. Əlbəttə ki, onun qarşıdakı matçlarda olmaması itki sayılmalıdır. Onun yoxluğunda məncə, seçim Emil Balayev və Səlahət Ağayevin arasında gedəcək. Məşqçilər korpusu onların çempionatdakı və millinin toplanışı zamanı göstərəcəyi performansa əsasən qərar verəcək. Hər halda, onlardan ikisindən biri dayanacaq qapıda".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq qapıçı məşqçisi Etibar Tarverdiyev deyib.  

Onun sözlərinə görə, çempionatdakı qapıçılar hələ ki, potensialından aşağı çıxış edir: "Məncə, qapıçılarımızın durumu mövsümün ilk yarısında qənaətbəxş olmadı. Çünki onların potensialı bundan daha yaxşı olmağa imkan verir. Lakin qışdan sonrakı matçlarda sanki yaxşılığa doğru bir balaca irəliləyiş var. Performanslarını tam göstərə bilməmələrini də, etdikləri texniki, taktiki səhvlərə görə deyirəm. Ancaq potensiallı qapıçılarımız var. Optimal formalarını yığsalar, daha yaxşı olacaq".

"Neftçi"nin heyətində 2020/2021 mövsümündə Azərbaycan çempionu olan Tarverdiyev "Sabah"ın əsas qapıçısı Yusif İmanova da, millidə şans verilməsinin tərəfdarı olduğunu deyib: "Bilirsiz, qapıçı seçimimiz çox deyil. Bayaq dediyim kimi, çox güman ki, Şahruddinin yoxluğunda millinin qapısını Səlahət Ağayev və ya Emil Balayev qoruyacaq. Amma Yusif İmanovu da çağırsalar, yaxşıdır. İstənilən halda, bu, məşqçilər korpusunun şəxsi fikridir. Hörmətlə yanaşmaq lazımdır. Yusif gəncdir, U-21 yığmamızın qapıçısıdır. Bundan əlavə, Premyer Liqada "Sabah"ın bütün oyunlarında meydanda olur. Hər halda, üstünlüyü gələcəyimizə verək, Yusif də üst səviyyəni görsün. Onun kimi bir neçə gənc qapıçılarımız var. Bu cür gəncləri qazanmalıyıq ki, ən azından 10-15 il qapıçı problemimiz olmasın. Yusif İmanovun da milliyə dəvət edilməsinin tərəfdarıyam".

Mirbağırağa

Xəbər xətti