Azərbaycan milli komandasının sabiq üzvü Elvin Məmmədov Sportal.az saytına müsahibə verib. Vaxtı ilə milli komandamızın aparıcı üzvlərindən olmuş Məmmədov AÇ-2012-nin seçmə mərhələsinin Avstriyaya (0:3) qarşı keçirilmiş görüşünü də xatırlayıb. Təcrübəli futbolçu AVRO-2024-ün seçmə mərhələsinin Avstriya ilə matçında yığmamıza inandığını bildirib.
- Azərbaycan milli komandasının hazırki heyəti gələcəyə ümid verir? Yığma komandamız ardıcıl beş oyundur ki, qalib gəlir. Bu fakt millidəki özünəinamı artırır?
- Öncə milli komandamıza uğurlar arzu etmək istəyirəm. Hazırkı heyət ardıcıl qələbələr qazanmağı bacarıb. Bu da əla nəticədir. Təbii ki, bu fakt özünəinamı da yüksəldir. Rəqiblərimiz güclü olsa belə, ümid edirəm ki, qələbələrin davamı gələcək.
- Mahir Emreli “Qalatasaray”la görüşdə zədələndiyi üçün Avstriya və İsveçlə matçlarda meydana çıxmayacaq. Onun olmaması yığmamızın çıxışına necə təsir edəcək?
- Ümidvaram ki, Mahir zədəsini tez bir zamanda sağaldar. Mahir bugün milli komandamıza güc qatacaq futbolçudur. Ancaq zədəsi varsa, təbii ki, onu sağaltmalıdır.
- Bəs Şahruddin Məhəmmədəliyevin olmaması necə, milli üçün düşündürən problemdir? Səncə, onun əvəzində Səlahət Ağayev, Emil Balayev, yoxsa Yusif İmanov qapıda dayanmalıdır?
- İnanıram ki, milliyə dəvət edilən qapıçıların Şahruddinin boşluğunu dolduracaq. Canni De Byazi hansı qapıçıya şans verərsə, həmin qolkiper ən yaxşısını edəcək. Səlahət, Emil və Yusif millinin bir nömrəsi olmağa layiqdir.
- Bu iki komanda arasında Vyanada keçirilmiş son matçda sən də meydanda olmusan. 2010-cu ildə keçirilmiş və 0:3 hesabı ilə məğlub olduğumuz oyunu necə xatırlayırsan?
- Bəli, həmin oyunu çox yaxşı xatırlayıram. Oyun çox çətin alınmışdı. Amma sizə etiraf edim ki, Avstriyanın həmin heyəti bizdən daha güclü idi və layiqli qələbə qazanmışdılar.
- Necə düşünürsən, həmin vaxtki millimiz indikidən güclü idi? Hər halda indiki heyət daha çox gənclərdən ibarətdir və avrokubok təcrübəsi olanlar da az deyil...
- Bu barədə çox danışılıb. Artıq bu mövzu haqda danışmaq istəmirəm. Əsas odur ki, milli komandamız nəticə qazansın, daha çox xal toplasın. Hamımız da buna çox sevinək. Ümid edirəm ki, belə də olacaq.
- Ümumiyyətlə, Belçika, Avstriya, İsveç və Estoniya ilə eyni qrupda yer alan yığmamız hansı nəticəni göstərə bilər? Final mərhələsinə vəsiqə qazanmaq realdır?
- Ümid sonda ölür. Milli komandamıza çox inanıram. Çünki söhbət Azərbaycan millisindən gedir. Komandamıza inanıram və əminəm ki, yaxşı nəticələr qazanacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi