Azərbaycan millisinin veteran forvardı Branimir Subaşiç Sportal.az saytına müsahibə verib. Yığma komandamızın formasını geyinmiş Subaşiç Canni De Byazinin rəhbərlik etdiyi kollektivdən AVRO-2024-ün seçmə mərhələsində gözləntilərini bölüşüb.
- Azərbaycan millisini qarşıda Avstriya və İsveç yığması ilə oyunlar gözləyir. Millidən gözləntin nədir?
- Təbii ki, hər zaman milliyə inanmaq lazımdır. Gözləntim də müsbət nəticələrdir. Doğrudur, rəqiblər olduqca çətindir. Hər iki rəqib Avropada özünəməxsus komandalardadır. Amma Azərbaycan millisinə hər zaman inanacam.
- Millinin son 5 oyunda qalib gəlməsi ümidini daha da artırıb?
- Doğrudur, bunun özü də yaxşıdır. Milli 5 oyundur ki, qalib gəlir və komandada özünəinamın yüksək səviyyədə olduğunu düşünmək olar. Millinin son oyunlarını izləyirdim. Həqiqətən yaxşı futbol nümayiş etdirirdilər. Bu mənada Azərbaycan millisindən uğurlu nəticə gözləmək olar.
- Yığmamız ilk görüşünü Avstriyaya, ikinci matçını isə ondan üç gün sonra İsveçə qarşı oynayacaq. Qısa müddətdə bu iki çətin rəqibə qarşı neçə xal milli üçün qənaətbəxş sayılmalıdır?
- Hər iki rəqibin güclü futbolçuları var. Bu cür rəqiblərlə görüşlərdə bir xal da yaxşı nəticə olardı. Azərbaycan millisinin heyəti də çox yaxşı futbolçulardan qurulub. Avrokuboklarda daim oynayan, beynəlxalq təcrübəsi yüksək olan oyunçular millidə yer alıb. Məncə, çətin olsa belə, Azərbaycan Avstriya və İsveçə qarşı çox yaxşı mübarizə aparacaq. Buna inanıram. Allah qoysa, nəticələr də yaxşı olar.
- Belçika, Avstriya, İsveç və Estoniyanın yer aldığı qrupdan millimizin final mərhələsinə yüksəlmək şansı nə qədərdir?
- Futbolda mümkünsüz heç nə yoxdur. Amma gəlin Avstriya və İsveçlə görüşlərdəki millinin çıxışına və qazanacağı xallara baxaq. Bayaq dediyim kimi, çətin olacaq. Çünki rəqiblər güclüdür. Hər halda, millimiz də bütün oyunlara uğurlu nəticə qazanmaq üçün çıxacaq. Ümid edirəm ki, hər şey millimizin istədiyi kimi alınacaq və qələbələr qazanacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi