Azərbaycanın U-17 yığmasının baş məşqçisi Füzuli Məmmədov Sportal.az saytına müsahibə verib.
- Azərbaycanın U-17 yığmasına baş məşqçi təyin edildiniz. Yəqin ki, artıq məsuliyyət daha da çoxalıb?
- Bəli, artıq rəsmiləşib, bütün heyətimlə U-17-nin baş məşqçisi postuna təyin edildik. Çox xoşdur, amma çox məsuliyyətli işdir. Artıq bu il biz rəsmi seçmə mərhələ oyunlarına yollanacağıq. Təzyiq, məsuliyyət daha da artır. Bizim məşqçilər heyətinin bura təyin edilməsi, düzgün qərardır. Nəyə görə? Çünki bu yaş qrupu ilə artıq bir ildir ki, işləyirik və hamısını daha yaxşı tanıyırıq. Buna görə düzgün qərar olduğunu düşünürəm. Məsuliyyətimiz çox artıb. Əlimizdən gələni edəcəyik ki, komandamız növbəti mərhələyə adlasın.
- Yığma komandamızı qarşıda tsikl matçları gözləyir. Məqsəd nə olacaq və elit-raunda vəsiqə qazanmaq mümkün olacaq?
- Bəli, bizi tsikl gözləyir. Serbiya, Sloveniya və Lüksemburq yığmaları ilə qarşılaşacağıq. Onların hər biri güclüdür. Biz dördüncü səbətdən çıxmışıq. Rəqiblərimiz isə daha yuxarı səbətlərdən. Bütün rəqiblər bizdən güclüdür. Buna baxmayaraq biz komandanı sırf qələbələr üçün ora hazırlaşacağıq.
- Əvvəlki illərlə müqayisədə yığmanın heyətində milliləşdirilmiş futbolçular yoxdur, xaricdən gələnlərin də hamısı əsl azərbaycanlılardır. Yəqin ki, bir daha milliləşdirilmiş oyunçular olmayacaq yığmada?
- Əvvəlki illərlə müqayisədə milliləşdirilmiş futbolçular yoxdur. Həm federasiya, həm də texniki direktorumuz Cahangir Həsənzadə tərəfindən göstəriş verilib ki, ancaq ölkədə və xaricdə yaşayan azərbaycanlıları milliyə dəvət edək. Bizə verilən göstəriş budur ki, onları inkişaf etdirib, millimiz üçün hazırlayaq. Bu mənada, ona görə heç bir yaş qrupunda milliləşdirilmiş futbolçular yoxdur.
- Hazırda U-17 yığmasında ölkə xaricində legioner həyatı yaşayan iki azərbaycanlı var. Onlar barədə fikriniz necədir?
- Millinin heyəti rəsmiləşməmişdi. Rəsmi oyunlara qədər komandanı formalaşdırıb, ən yaxşıları seçib tsiklə hazırlamalıyıq. Altı təlim-məşq toplanışımız olacaq. Onların hamısı digər ölkələrin yığmaları ilə baş tutacaq. UEFA-nın keçirdiyi inkişaf turnirində də iştirak edəcəyik. Bütün millilərlə danışıqlar olub, yoldaşlıq görüşləri razılaşdırılıb. Bu mənada, yığmada futbolçular çox zaman dəyişə bilər. Ta ki, son tsiklə gedənə qədər.
- Həmin iki legionerimizlə indi də maraqlanırsız yəqin...
- Əlbəttə ki, hamısını izləyirik. Tsikl oyunlarına yaxın son seçimlər baş verəcək. "Ankaragücü"ndə Həsən Nəzərli və İsveçrənin "Servet" klubunda isə İbrahim Babayev oynayır. Hər ikisini də izləyirik, baxırıq, toplanışa da dəvət etmişik.
Mirbağırağa
saytlarin hazirlanmasi