"Avstriya 10-12 dəqiqəyə millimizi daha yaxından tanıdı və oynamaq imkanı vermədi" - MÜSAHİBƏ

13:35 - 25 Mart 2023

Azərbaycanlı futbol məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib. O, Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Avstriyaya məğlubiyyətini şərh edib.

- Azərbaycan millisi Avstriya yığmasına məğlub oldu. Nəticə gözlənilməz idi, yoxsa bu cür də ehtimal edirdiniz?

Əslində, Avstriya millisi ilə görüşdə yığmamıza ümidli idik. Hər kəs kimi, mən də nəticə gözləyirdim. Millimiz son oyunlarda qələbə qazanırdı, baxımlı oyun göstərirdi. Nə qədər söz-söhbətlər olsa belə, Azərbaycan millisi keçmişində o qədər qələbə və baxımlı oyun yox idi deyə, hər qələbə, hər yaxşı oyun bizi ümidləndirirdi. Avstriya səfərində bir xal qazansaydıq, daha yaxşı olardı. Gözləntilərimizin tam əksinə oldu və yığmamız 1:4 uduzdu. Onsuzda Ralf Ranqnik hər zaman pressinq etməyi, dinamik və sürətli oynamaq tərzi ilə seçilən məşqçilərdəndir. Komandamız ilk dəqiqələr yaxşı başladı, topla oynadı, rəqibin qapısına yaxınlaşmağı da bacardı. Sanki Avstriya 10-12 dəqiqəyə millimizi daha yaxından tanıdı və ondan sonra bizə oynamaq imkan vermədi. Ralf haqda məlumatım var idi. Komandalarının meydançanın eninə-uzuna pressinq etdiyini bilirdim. Millimizlə oyunda da gördüm.

- Məğlubiyyətin səbəbləri çoxdur. Amma sizcə, əsas səbəblərdən biri nədir? 

Səhvlər etməklə rəqibin şanslarını bir az da artırdıq. İkinci qol zamanı top bizdə idi, sadə səhvdən qapımızda qol gördük. Amma ümumilikdə Avstriya yığması çox sürətli oyun göstərdi. Komandamızın üzərində təzyiq yaratdılar və belədə, səhvlər qaçılmaz oldu. Sadə səhvlər çox idi. Belə oyunlarda az səhv etmək lazım idi. Çünki onsuzda rəqib pressinq etməyi xoşlayır. Bu rəqibə qarşı topu meydançada daha tez gəzdirmək lazım idi. Əslində, ilk dəqiqələrdən görünürdü ki, komandamız inamlıdır. Ancaq səhvlər çox idi, fərdi səhvlər də nəticəyə təsir göstərdi.

- Start heyəti ilə bağlı da narazılıq az deyildi. Sizcə, meydana daha fərqli, daha çox effekt verə biləcək start heyəti buraxmaq olardı meydana?

Fərqli düşüncələr ola bilər. Aleksey İsayev start heyətində olsaydı, daha yaxşı idi. Şahruddin Məhəmmədəliyev, Mahir Emreli, Bədavi Hüseynov zədə səbəbindən oynamırdı. Düzdü, Mahir son görüşlərə ehtiyatdan çıxırdı. Ancaq istənilən halda olmaması itkidir. Bütün bunları nəzərə alsaq, məncə, start heyətimiz pis deyildi.

- Yusif İmanovun buraxılan qollarda açıq-aşkar səhvi bəlkə də yox idi, amma komandaya, komanda yoldaşlarına da inam vermədi. Yoxsa, fərqli düşünürsüz?

- Ölkə çempionatı ilə seçmə mərhələ oyunları tam fərqlidir. Birinci və ikinci qollarda Yusifi günahlandırmaq olar. Düzdür, gəncdir və bu oyuna qədər millidə təcrübəsi yox idi. Ona dəstək olmaq lazımdır. İlk iki qolda bəlkə də, səhvi oldu, ancaq üçüncü və dördüncü qollarda onun səhvini görmədim. Bir-iki epizodda da komandamızı qoldan xilas etdi. Hazırda çempionatımızda ikinci yerdə qərarlaşan komandanın əsas qapıçısıdır. Başqa seçimlərlə müqayisədə bəlkə də, daha yaxşı formada olan qapıçımızdır. Canni De Byazi də ona şans verdi. Səhv qərar olduğunu düşünmürəm. Oyundan sonra danışmaq bir az asandır. Yusifə daha çox dəstək olmaq lazımdır.

- Azərbaycan millisinin 5 oyunluq qələbə seriyası da başa çatdı. Əslində, həmin 5 qələbəni ciddiyə almayanlar çox idi və əsl gücümüzün məhz bu oyunda görünəcəyini deyənlər də az deyildi. Avstriyaya məğlub olan millimiz əvvəlki beş qələbəyə kölgə salmış oldu?

 Beş oyunluq qələbə seriyası hamını ümidləndirmişdi. Azərbaycan millisindən danışırıqsa...Bizim legionerimiz də yoxdur. Doğrudur, Renat Dadaşov "Qrasshopper"də, Ozancan Kökçü "Eyndohiven"də oynayır. Amma onlar da bizim futbol məktəbimizin uşaqları deyil. İstəyərdik ki, Azərbaycanda yetişən futbolçular legioner həyatı yaşasın. Bütün reallıqları gözə alaraq düşünürəm ki, beş oyunluq qələbə seriyası uğur idi. Təbii ki, həmin beş oyundan heç nə əldə etmədik. Ən azından inkişaf üçün bu oyunlar vacib idi. Avstriya ilə görüşdə də ümid verirdi ki, bəlkə nəsə edərik. Amma onlar buna imkan vermədi.

- Qarşıda millimizi İsveçlə oyun gözləyir. Martın 27-nə qədər milli toparlanıb daha da güclü görünən İsveç önündə tab gətirə biləcək? 

Ağır və çətin oyun matç bizi gözləyir. İsveç də öz meydanında Belçikaya 0:3 uduzub. Çətin səfərdir. Avstriya bir də göstərdi ki, çox sürətli komandadır. Belçika qrupun favoriti kimi görünsə də, Avstriya da belə olmadığını sübut etdi. Çox çətin qrupdayıq. Burada qazanılacaq hər xal Azərbaycan üçün uğur olacaq. İstəyirik ki, millimiz inkişaf etsin, komandamız hamını təəccübləndirsin. Reallığı qəbul etməliyik. Başa düşürük ki, bu qrupdan çıxa bimərik. Ancaq yaxşı oyunla, dünənki kimi rahat təslim olmadan, mübarizə apararaq, xal və xallar qazanaraq, tanınmağımız böyük önəm kəsb edir. Millimizdə gənclər çoxdur. Renat Dadaşov, Azər Əliyev, Bəhlul Mustafazadə yaxşı oynadı, daha yaxşı oynaya bilərlər. İsveçə bu cür məğlub olmamaq arzumuzdur. Futbolçular artıq bildilər ki, daha çox qaçmaq, daha az səhv etmək lazımdır ki, bu cür matçlarda ən azından bir xal qazana bilsinlər.

Mirbağırağa

Xəbər xətti