Azərbaycan milli komandasının keçmiş futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi İsveçə səfərdə 0:5 hesabı ilə məğlub oldu. Səncə, rəqib bu cür hesabla məğlub olacaq dərəcədə təhlükəli idi?
- Gözlənilməz hesab oldu. Belə olacağını gözləmirdim. Məğlubiyyəti hardasa fikirləşmək olardı. Ancaq bu qədərini yox. Acınacaqlı məğlubiyyət alındı, üzücü durumdur. Millini istəyən, dəstəkləyən biri kimi, həmişə qələbə arzulamışam. Ürəyi milli ilə döyünən adamam. Çox pis oldum. Amma nə etmək olar? Bu oyunları unutmaq lazımdır. Həmin rəqiblərlə evdə də oynayacağıq. Məğlubiyyətlərin qisasını almaq lazımdır.
- Yığma gah ilk yarıda yaxşı oynayıb, ikinci yarı rəqibinə uduzur, gah da fərqli ssenari üzrə hərəkət edir. İsveçə qarşı sanki heç biri olmadı....
- Bunlar önəmli deyil, sonda nəticəyə baxırlar. Lap heç bir hissəni yaxşı oynama, əsas odur ki, nəticə qazan. Önəmli olan budur. Bunu da bacarmırıq. Stabilliyimiz yoxdur. Ona görə də uduzuruq. Ola bilər ki, fiziki gücümüzü çatmır, ola bilər rəqiblərin ustalıq səviyyəsi daha yüksəkdir. Açıq danışaq, çətin qrupdayıq. Lakin belə məğlubiyyət olmamalıdır.
- Azərbaycan millisinin İsveçə qarşı start heyətində kimləri gözləyirdin?
- Start heyətində elə Emil Balayevi gözləyirdim. Çünki təcrübəli qolkiperdir. Buraxılan qollarda elə də ciddi səhvi olmadı. Yaxşı qapıçılarımızdan biridir. Müdafiəmiz yenə də kobud səhvlərlə yadda qaldı. Sonda da bu cür acınacaqlı məğlubiyyətə gətirib çıxardı. Bizə bir qol vururlar, sonradan rəqibin qollarının ardı gəlir və oyundan qopuruq. Keçmişdəki Azərbaycan millisi kimi. Komanda ruhdan düşür və əlimiz üzülür. Belə olmalı deyil.
- Canni De Byazinin Höccət Haqverdidən vaz keçməməsini nə ilə əlaqələndirirsən? Hər oyunda səhvləri olsa da, daim əsas heyətdədir...
- Mənim üçün də gözlənilməzdi. Gah sağ cinahda oynadırlar, gah mərkəz müdafiəçisi mövqeyində. Höccətin səhvləri çox olur. Ancaq De Byazi yenə də, ondan əl çəkmir. Yəqin ki, nəyisə bilir, nəsə görür. Canni De Byazi elə-belə məşqçi deyil, tanınmış biridir. Nəsə desəm, artıq olar. Şəxsi fikrim odur ki, baş məşqçi olsam, Höccət Haqverdiyini əsas heyətdə oynatmaram. Nə cinah müdafiəçisi, nə də mərkəz müdafiəçisi kimi. Bədavi Hüseynovun yoxluğunda bəlkə də mərkəz müdafiəçisi kimi Bəhlulla birlikdə oynadaram. Ancaq yenə də, başqa variant fikirləşməyə üstünlük verərəm. O, çox səhvə yol verir, topla çox zəifdir, birəbir mübarizələrdə çox zəifdir. Avstriyaya qarşı da zəif oynadı, dünənki matçda da. Amma yenə də əsas heyətdədir.
- Avstriyaya 1:4, İsveçə 0:5 hesablı məğlubiyyət qeydə alındı. Demək olar ki, Azərbaycan millisinin səviyyəsi yüksəlmək əvəzinə, əksinə daha da aşağı düşür?
- Beş qələbədən sonra hər şeyin daha yaxşı olacağını düşünürdüm. Amma gözlənilmədən belə məğlubiyyətlər aldıq. Fikirləşirsən ki, niyə belə oldu? Daha yaxşı olacağına inanırsan. Amma görürsən, pisə doğru gedir. Bunu özləri araşdırmalıdır. Komandanın içində nələr baş verdiyini bilmirəm. Nəsə fikirləşmək, götür-qoy etmək lazımdır. Bu məğlubiyyətlər xalqımız üçün üzücüdür. Gec deyil. Qarşıda çox oyunlar olacaq. Estoniya, İsveç, Avstriyanı evdə məğlub etmək də olar. Bunları fikirləşmək lazımdır.
- Bu cür gedişlə Azərbaycan millisindən bu qrupda nə gözləmək olar? Bundan əvvəlki tsikllərdə heç olmasa 1 xal götürürdük. Deyəsən bu tsikli xalsız başa vuracağıq...
- Bu, tamam acınacaqlı olardı. Ancaq inanmıram ki, qrupu xalsız başa vuraq. Estoniya, Avstriya və İsveçi də evdə məğlub edə bilərik. Bunları fikirləşmək lazımdır ki, heç olmasa turnir cədvəlində mövqeyimizi yaxşılaşdıraq.
- Ehtimal edirdin ki, Canni De Byazi Solnadakı matçdan sonra istefa verəcək? Səncə. onu göndərmək lazımdır, yoxsa problem onu göndərməklə çözülməyəcək?
- Keçən il gözlənilən idi. Mən də demişdim ki, Canni De Byazi istefa verməlidir. Sistemi dəyişmirdi, komandanı eyni sistemlə oynadırdı, ancaq müdafiəni fikirləşirdi. Ancaq yoldaşlıq görüşlərində komanda yaxşı formaya düşdü, sürətli, intensiv futbol oynamağa başladı, qol şanslarımız yaranırdı. Mən də fikrimi dəyişdim ki, bu cür oynayırlarsa, tsikldə də davamını gətirə bilərlər. Amma gördük ki, gətirə bilmədilər. Canni De Byazi də başa düşür ki, son şansıdır. İnanmıram ki, bu tsikldən sonra ona yenə şans versinlər. Yetəri qədər şans verildi. Məncə, bu tsikldən sonra nəticə yaxşı olmasa, yollar ayrılacaq.
Mirbağırağa