"Musa Qurbanlı kimi hücumçumuz varsa, De Byazi müdafiəçini niyə hücumda oynadır?"

12:17 - 29 Mart 2023

İsveçdə çalışan azərbaycanlı futbol məşqçisi Valeh Qafarov Sportal.az saytına müsahibə verib. "Örebro"nun aşağı yaş qruplarından ibarət komandalarında işləyən həmyerlimiz martın 27-də AVRO2-2024-ün seçmə mərhələsi çərçivəsində Solnada keçirilən İsveç - Azərbaycan matçını da stadiondan izləyib. Qafarov həmin görüşlə bağlı fikirlərini bizimlə bölüşüb.

- Azərbaycan millisi İsveçlə görüşdə 0:5 hesabı ilə uduzdu. Millimizdən daha fərqli nəticə gözləyirdiniz? 

- Bəli, ümid edirdim ki, bəlkə bir xal qazanarıq. Amma İsveçin də gücünü yaxşı bilirdim. Millimizə ona görə inanırdım ki, bu görüş bizim üçün çox vacib idi. İsveçlə matçda qazanacağımız bir xal 10 xala bərabər olardı. Lakin təəssüflər olsun ki, uduzduq.

- Azərbaycan millisinin məğlubiyyətinə əsas səbəb nə oldu? 

- Oyun intizamının, ən əsası da motivasiya və qələbə istəyinin olmaması. Bunlar olsaydı, hər şey daha fərqli alınardı. 

- İsveç millisindən yalnız bu göstəricilərdə geri qalırdıq?

- Fiziki göstəricilərdə də rəqibdən çox geri qalırdıq. Təəssüflər olsun ki, 90 dəqiqə futbol oynamağa gücümüz çatmır. Əgər fiziki durumumuz yerində olsaydı, məncə, başqa cür də nəticə mümkün idi. Amma gördük ki, fiizki gücümüz son saniyəyə qədər oynamaq üçün imkan vermir.

- Bəs bu çatışmazlığı necə sığortalaya bilərdik? Hər halda İsveç fiziki göstəricilərinə görə zəif olduğu rəqiblərə də uduzub. Hansı oyun planına üstünlük versəydik, Solnada uğurlu nəticə qeydə alınardı?

- Mən baş məşqçimizin işinə qarışmaq istəmirəm. Çünki tribunadan oyuna azarkeş, azərbaycanlı, milli ilə ürəyi döyünən kiim baxırdım. Ancaq milli komanda üçün ürəyi döyünən azarkeş kimi məni bəzi şeylər təəccübləndirdi. Onlardan birini qeyd etmək istəyərdim. Azərbaycan Premyer Liqasının bombardiri oturub ehtiyatda, amma Canni de Byazi sol cinah müdafiəçisini əsas heyətdə sağ cinah hücumçusu kimi oynadır. Toral Bayramovun oyununu çox bəyənirəm, amma sol cinah müdafiəçisi mövqeyində...Toral haqda heç bir mənfi fikir demirəm. Ancaq məsələ başqadır. Millidə Musa Qurbanlı kimi fiziki göstəriciləri əla hücumçu varsa, üstəlik bombardirdisə, Canni De Byazi nəyə görə müdafiəçini hücumda oynadır? Qəribədir.

- İsveçdəki dostlarınız Azərbaycan millisinin bu qədər zəif olduğunu ehtimal edirdi?

- Düzünü deyim, hesabın 5:0 olacağını heç isveçlilərin özü də gözləmirdi. İnanın ki, burada Azərbaycanın İsveçdən xal alacağını ehtimal edənlər çox idi.

- Bakıda İsveçi necə məğlub etmək olar?

- Biz ötürmələrlə oynamağa öyrəşmişik. Amma rəqibin qapısı tərəfdə bunu çətindir etmək. Bu cür oyunla Bakıda İsveçə qalib gəlmək çətin görünür. Aqressiv olsaq, qələbə istəyimiz yüksək olsa, təbii ki, qələbə qazanmağa başlayacağıq. Düzgün motivasiya olmalıdır. İnanın millimizdə çox yaxşı futbolçular var, onları ingilis dilində, təcrüməçi ilə deyil, bizim öz doğma dilimizdə motivasiya etsək...Yəni, bayrağımıza, xalqımıza, Azərbaycanımıza görə mübarizə aparmalı olduğumuzu bildirsək, onda futbolçularımız daha istəkli oynayacaq. Çünki söhbət klubdan getmir, milli komadadan gedir. Milli komandada futbolçularımız bayrağa, xalqımıza, Azərbaycana görə oynamalıdır!

- Qrupun sonuncusu olmaq yolunda "iri addımlarla geriləyirik". Hər şey dəyişə bilər, yoxsa düşünürsüz ki, elə sonuncu biz olacağıq?

- Nə deyim...Hər şey yaxşılığa doğru dəyişsə, o zaman sonuncu olmayacağıq. Yox, əgər belə davam edərsə, təəssüflər olsun ki, üzücü mənzərəni görəcəyik. Amma millimizə istənilən halda uğurlar arzu edirəm. Azərbaycan da, milli də ürəyimizdir. Allah qoysa, biz də nə vaxtsa uğurlu nəticələrlə xalqımızı sevindirərik.

Mirbağırağa

Xəbər xətti