"Emil Balayev də Yusif kimi xilaskar rolunu oynaya bilmədi"

15:44 - 31 Mart 2023

"Yusif İmanovu birinci oyunda qapıya qoymaq düzgün deyildi. Təsəvvür edin, seçmə mərhələnin ilk matçı, səfər görüşü, rəqib də Avstriya millisidir. Oradakı atmosferi, azarkeşlərin təzyiqini, ümumi atmosferi də nəzərə alsaq, yalnız psixoloji baryeri aşmaq lazım idi. Görünən odur ki, Yusif İmanov psixoloji baryeri aşa bilmədi. Xilaskar rolunda olmadı. Gənc qolkiperə bu cür stressli, çətin oyunda qapını tapşırmaq düzgün deyildi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Etibar Tarverdiyev deyib.

"Neftçi"də qapıçı məşqçisi kimi Azərbaycan çempionluğunu yaşamış təcrübəli mütəxəssis İmanovun gələcəkdə millimizin əsas qolkiperi ola biləcəyinə inandığını dilə gətirib:

"Yusifin yaxşı potensialı var, loru dildə desək, onu "bişirə-bişirə", bəlli oyunlarda oynadıb təcrübə toplamasına kömək olaraq Azərbaycan futboluna qazandırmaq lazımdır. Onun "Sabah"dakı çıxışlarını uğurlu hesab edirəm. Komandası çempionatın bir çox oyunlarında dominant oynadığına görə Yusifə psixoloji təzyiq çox olmur, qapıda rahat dayanır. Komandası bir nömrə ilə oynayır. Azərbaycan çempionatında oyunları sıralayır, təcrübə toplayır. Yusif gəncdir, heç U-21 yığmasında çox oyun oynamayıb. Heç olmasa burada beynəlxalq oyunlar oynayaraq təcrübə toplaya bilər.

Əvvəl də demişdim ki, Yusif İmanov milliyə dəvət olunmalıdı. Amma o demək deyildi ki, onu seçmə mərhələnin elə birinci, özü də ağır oyununda meydana buraxmaq lazımdır. Yusifin milliyə dəvət edilməsi ona görə lazım idi ki, orada olan səviyyəni, atmosferi görsün, nələrin tələb edildiyini bilsin. Allah qoysa, gələcəkdə İmanov millidə öz sözünü deyəcək. U-21 yığmamızın da üzvüdür, yaxşı performans göstərə bilər. Buna ümid edirəm, inanıram. İmanova da uğurlar arzulayıram. Möhkəm olsun. Yusif kimi gənclərimiz var. Yaxşı nəsil yetişir. Adlar çəkmək istəmirəm. Bəlli səviyyədə yaxşı qapıçılarımız ola bilər. Sadəcə öz üzərilərində işləməlidirlər. İnanıram ki, yaxşı olacaq. Millinin çərçivəsini yaxın gələcəkdə yaxşı qapıçılar qoruyacaq".

Tarverdiyev AVRO-2024-ün seçmə mərhələsinin ikinci turunun İsveçə qarşı keçirilmiş görüşündə isə millimizin qapısını qoruyan Emil Balayev barədə də eyni fikirdə olub:

"Bu cür oyunlarda təcrübəsi çox olan qapıçını qoymaq lazımdır. Emil Balayev də Yusif kimi xilaskar rolunu oynaya bilmədi. İsveçdəki matçda rəqib rəqib çox təzyiq etdi, müdafiədə səhvlər çox oldu. Əfsuslar olsun ki, Balayev də xilaskar ola bilmədi".

Mirbağırağa

Xəbər xətti