İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi Millətlər Liqasının "dördlər finalı"nın yarımfinal mərhələsinin İspaniyaya qarşı keçiriləcək görüşündən gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu UEFA-ya açıqlamasında millidə oynamağı çox sevdiyini deyib:
"İspaniyaya qarşı oynamaq həmişə əladır. Bu komandanın üslubu həmişə yaxşıdır, onlar daim topa sahib olduğu üçün sizi çox qaçmağa vadar edirlər. Ancaq son illərdə biz özümüz də oxşar üslubda hərəkət edərək yaxşı nəticələr əldə edə bilmişik. Qalib gəlib finala yüksəlmək istəyirik. Ən uğurlu mövsümü keçirməsəm də, məni milliyə dəvət etdiyi üçün baş məşqçiyə təşəkkür etmək istəyirəm. Millidə oynamaq mənim üçün oksigen kimidir. Bu komandanın forması ilə oynamağı xoşlayıram. Mən bu kollektivi sevirəm. Bu mövsüm bir neçə zədəm var idi, amma indi özümü daha yaxşı hiss edirəm. Oynayıb-oynamayacağıma baş məşqçi qərar verəcək, amma tətilə qədər bu matçlardan maksimum həzz almaq istəyirəm. Komandamız kubok qazanmaq üçün kifayət qədər yaxşı olduğumuzu göstərmək istəyir. Turnirə hazırlıq üçün Sardiniyada keçirdiyimiz günlər çox yaxşı komanda formalaşdırmağa kömək etdi".
Xatırladaq ki, İspaniya - İtaliya görüşü bu gün Bakı vaxtı ilə 22:45-də Niderlandın Enshede şəhərinin "Qrols Veste" stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi