Estoniya millisinin və "Neftçi"nin sabiq forvardı: "Matçın favoriti Azərbaycandır" - MÜSAHİBƏ

17:29 - 16 İyun 2023

Estoniya milli komandasının və "Neftçi"nin sabiq forvardı Vladimir Voskoboynikov Sportal.az saytına müsahibə verib. Veteran forvard sabah AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan və Estoniya milliləri arasında keçiriləcək görüşdən gözləntilərini bildirib.

- Estoniya millisi sabah Azərbaycanla qarşılaşacaq. Bu matçdan hansı gözləntiləriniz var?

- Gözləntilərim yüksəkdir. Yaxşı oyun olacağı dəqiqdir. Təbii ki, şanslar bərabərdir. Amma azca üstünlük Azərbaycan millisindədir. Hər halda, onlar ev sahibidir. Bu da onlara üstünlük qazandırır.

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki görüşündə məğlub olub. Sabahkı matç Azərbaycan üçün özünüsübut imkanıdır. Sizcə, bu, həmyerliləriniz üçün üstünlük deyil? Hər halda, psixoloji sıxıntı olmayacaq...

- Əlbəttə ki, ardıcıl qələbələr komandanı daha da gümrah edir. Özünü daha fərqli hiss edirsən. Ancaq ardıcıl məğlubiyyətlərdən sonra əlavə motivasiya tapmaq lazım gəlir. Amma Estoniya üçün Azərbaycanın bundan əvvəlki görüşlərdə uduzub-uduzmamasının önəmi yoxdur. Estoniya millisi də o qədər yaxşı çıxış etməyib. Bayaq dediyim kimi, azca üstünlük Azərbaycan millisindədir. 

- Proqnozunuz necədir? Bakıda Estoniya qalib gələ bilər?

- Matçın favoriti Azərbaycan millisidir. Amma Estoniya millisinə də çox inanıram. Hər şey mümkündür. Hər halda, kağız üzərində Azərbaycan oyunun favoritidir. Hansı komandanın oyuna daha hazırlıqlı olduğunu sabah görəcəyik. Estoniyanın Azərbaycana xoş olmayan hədiyyəsi də gözləniləndir. 

- Tomas Heberlinin gəlişindən sonra Estoniya millisində eniş gedir, yoxsa komanda yüksəlişdədir?

- Estoniya millisi hər zaman çox intizamlı oynayıb. İndi də belədir. Mənfi hal isə yığmamızdakı futbolçuların ölkə xaricində yaxşı liqalarda, güclü klublarda oynamamasıdır. Var, ancaq azdır. Azərbaycan çempionatının səviyyəsi yetərincə yaxşıdır, əla legionerlər oynayır. Məncə, Azərbaycan Premyer Liqasının səviyyəsi Estoniya yüksək liqasından üstündür. Estoniyalılar o qədər də güclü liqalarda oynamır.

- Qrupdan çıxmaq Azərbaycan, yoxsa Estoniya üçün daha realdır?

- Hər şey realdır. Belə olmasaydı, meydana çıxmağa ehtiyac qalmazdı. Bəlkə rəqib oyuna yaxşı hazır olmayacaq, ya da, səni ciddiyə almayacaq, bundan istifadə etmək mümkündür. Hər şey ola bilər. Xatırlayırsız, 2012-ci ildə Estoniya millisi ən yüksək nəticəsini qazanmışdı. Həmin vaxtı pley-off mərhələsinə qalmışdıq. Niyə də onu təkrarlamayaq? Azərbaycan millisi də bunu edə bilər.

- Bu görüş üçün Bakıya gəlməyi planlaşdırırsınız?

- Hər zaman Bakını, Azərbaycanı xoş anlarla xatırlayıram. Bakıya qayıtmağı həmişə istəmişəm. Bu, mənim əsl xəyalımdır. Doğrudur, orada uzun müddət qalmadım. Amma əsas odur unudulmaz anlar idi. Estoniya millisi artıq Bakıya uçub. Gələcəkdə "Neftçi" mənə dəvət göndərərsə, böyük məmmuniyyətlə gələrəm.

Mirbağırağa
 

Xəbər xətti