"Məğlubiyyətləri unutdurmaq lazımdır, istəyərdim ki, Estoniyaya ən azı üç qol vuraq" - MÜSAHİBƏ

11:34 - 17 İyun 2023

Azərbaycan milli komandasının veteran kapitanı Rail Məlikov Sportal.az saytına müsahibə verib. O, millimizin AVRO-2024-ün seçmə mərhələsinin üçüncü turunda Estoniyaya qarşı keçiriləcək matçdan gözləntilərini bildirib.

- Azərbaycan millisi bu gün Estoniya önünə çıxacaq. Matçla bağlı fikriniz necədir?

- Əvvəlki iki məğlubiyyəti unutdurmaq üçün millimiz bu gün qalibiyyətə oynamalıdır. Qələbə qazanmadılar ki, azarkeşləri razı salsınlar. Öz evimizdə oynayırıq, bu da əlavə stimuldur. Yalnız qələbə qazanmaq lazımdır. Doğrudur, Avstriya və İsveç görüşü yaddan çıxmayacaq. Çox qol buraxmışdıq. Amma Estoniya ilə matçda qol buraxmayıb, çox qol vurmaq lazımdır.

- Rəqibin səkkiz futbolçusu Bakıya gətirilməyib. Bunun yığmamız üçün hər hansı üstünlüyü var?

- Estoniyanın səkkiz oyunçusu gəlmirsə, bu, bizim üçün əlavə üstünlük olmalıdır. Lap hamısı gəlsə də, bu oyuna qələbə əzmində çıxıb, üç xal qazanmaq lazımdır. Səkkiz nəfər gəlib, ya gəlməyib, boş şeydir. Doğrudur, aparıcı oyunçular komanda üçün həlledici rol oynaya bilər. Lakin biz özümüz buna fikir verməməliyik, Estoniyaya mütləq qalib gəlməliyik, heç-heçə, məğlubiyyət düşünmək olmaz.

- Əsas gözləntilər Mahir Emreli, Renat Dadaşov və Ramil Şeydayevdəndir. Səncə, onlar həlledici rol oynaya bilər? Müzakirə edilən və tənqid olunan məsələ isə Höccət Haqverdinin oynamasıdır, özü də sağ cinah müdafiəçisi kimi. Bu məsələ haqda nə deyəcəksən?

- Bu bəhanə ola bilər ki, pis durumdayıq filan, boş şeydir. Çempionat yeni bitib. Gələn oyunçularımız da formadadır. Fiziki durumları normaldır. Hücumda bu üç futbolçudan çox şey gözlənilir. Onlar hücumda oynayırsa, həll etməlidirlər. Kimi oynadıb-oynatmaması baş məşqçinin qərarıdır. Məsuliyyət də tam onun üzərindədir. Sağ cinahda yerli oyunçulardan da oynatmaq mümkündür. Höccət Haqverdiyevə heç ehtiyac yoxdur. Çünki mərkəz müdafiəçisidir, sağ cinahda oynamasının yeri yoxdur. Ölkə çempionatında da sağ cinahda özünü yaxşı tərəfdən göstərənlər var idi. Onlardan birini etimad göstərməlidirlər.

- Estoniya millisi üzərində qələbə olmasa, səncə, millidə hansı dəyişikliklərə ehtiyac duyulacaq? Yoxsa, düşünürsən ki, heç nə dəyişməyəcək, Canni De Byazi postunda qalacaq?

- İndiyə qədər millidə dəyişikliyə ehtiyac duyulmayıbsa, bundan sonra da duyulmayacaq. Başqa heç nə fikirləşmirəm, ancaq qələbə qazanmalıdırlar. Məğlub olsalar, hansı dəyişiklik olacağını gələcək göstərəcək, heç nə deyə bilmərəm.

- Matçla bağlı proqnozun necədir?  

- Estoniya digər yığmalar kimi adlı-sanlı deyil. Amma qrupda yaxşı oynayıb. Proqnoz verə bilmərəm, amma mən istəyərdim, bu gün Estoniyaya ən azı üç qol vuraq. Çünki əvvəlki irihesablı məğlubiyyətləri unutdurmaq lazımdır.

Mirbağırağa

Xəbər xətti