"Klermon"un və yığmamızın qapıçısı: "Azərbaycan klublarından təklif almamışam"

10:54 - 21 İyun 2023

Azərbaycanın U-21 yığması dünən Bakıda Qırğızıstanla yoldaşlıq görüşü keçirib. Sportal.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra yığmamızın qolkiperi Eldar Tağızadə saytımıza açıqlama verib. O, asiyalılarla görüşdə qalib gələ bilməmələrini bu cür şərh edib:

"Birinci hissə bizim üçün bir az çətin alındı. Qalib gəlmək istəyirdik. Amma qapımıza penalti təyin edildi və matç 1:1 hesabı ilə bitdi. Əslində, yaxşı oynadıq. Doğrudur, səhvlərimiz də oldu.Futboldur da. İndi bizim üçün istirahət vaxtıdır. Daha sonra seçmə mərhələ oyunlarına hazırlaşacağıq. Qırğızıstana qol vuranda çox sevindik. Amma buraxdığımız qola görə çox üzüldük".

Hazırda Fransada legioner həyatı yaşayan Tağızadə "Klermon"un ikinci komandasının qapısını qoruyur. O, Azərbaycandan təkliflər olmadığını söyləyib: "Karyeram yaxşı gedir. Üç həftədir ki, mövsüm başa çatıb. İndi istirahət vaxtı olacaq. Daha sonra məşqlərə qayıdacam. Çünki Fransada yeni sezon start götürməlidir. Azərbaycan klublarından təklif almamışam".

Mirbağırağa

Xəbər xətti