Azərbaycan futbolunda yeni liqalara start verildi. Sevinənlər, tənqidlər, emosiyalar, obyektiv/subyektiv yanaşmalar kifayət qədərdir. İllərdi bataqlığa sürüklənən futbol təsərrüfatı oyanır, kövrək addımlar atır.
İnfrastruktur, peşəkarlıq, klublarda kadr çatışmazlığı yetərincədir. Nöqsanlar üzərinə gedilməsi, neqativlərə köklənilməsi illərdi futbolu dağıdanlara sərf edər. Təhlillər pozitivə söykənməli, tədricən inkişaf təmin edilməlidir. Strateji araşdırmalar aparılmadan, irəli addımlamaq çətin olar.
İllərdi liqaların yaradılması mümkünlüyünün real olduğunu media/jurnalistlər, az sayda futbol adamları ictimaiyyətdə qabardır, dəlillərlə isbatlayır, azarkeşlər tələb edirdi. Vaxtilə millidə hər futbolçuya 100 min(!) dollara yaxın mükafatların paylanılması ilə bölgələrdə liqalara uyğun bir klub/komanda yaradıla bilərdi. Necə ki, qeyd olunanlar günümüzdə daha az vəsaitlə reallaşır.
AFFA-da nə dəyişib? Prezident, vitse-prezidentlər, İcraiyyə Komitəsi yerindədir. Az qismini çıxmaqla, əksəriyyəti 20 ilə yaxındır mühüm, taleyüklü futbol postlarında əyləşiblər. Çox çətinliklə yaradılan liqalar futbolda maliyyə bumu olduğu vaxtlarda ərsəyə gətirilə bilməzdi?! Nələr baş verir
Federasiyada tam olmayan strateji kadr dəyişikləri baş verir(b). Milli-ideoloji olaraq şəxsi məqsədlərlə futbol genefondunu məhv edənlər, futbolu özləri üçün sərfəli Abşeron çərçivəsinə salanlar, Azərbaycana yuxarıdan aşağı baxanların yolu bölgələrdən daha çox Avropaya yönəlmişdi. Necə ki, sonda Parisə kimi yollar uzandı.
Futbolda pul/vəsait önəmlidir, uğurun təminatı isə düzgün kadr siyasətindən keçir. Peşəkar Futbol Liqasında öncədən də çalışan, yetişən, xalqı, Vətəni, futbolu sevən, milli-mənəvi dəyərlərə sahib Aslan Şahgəldiyev, Elgiz Abbasov kimi kadrların səlahiyyətləri artırıldı. PFL-n yeni prezidenti Elxan Səmədovla tanışlığım yoxdur, futbolda böyük təcrübəyə sahib deyil. Bununla yanaşı, düzgün kadr seçimləri, işçilərə yaradıcılıq səlahiyyətinin, sərbəstliyin, dəstəyinin verilməsi alqışalayiqdır. Sənan Abdullayevin quruma dəvət olunması idarəçi komandanın gücünə güc qatdı.
Sağlam komandanın formalaşması, çəkinmədən iddiaların ortaya qoyulması, yeni layihələr üzərində işlənilməsi prosesinə start verildi. Ən önəmlisi, idarəçilər ruhən Avropaya yönəlmədilər, olmazın təzyiqlərə, çatışmazlığa baxmayaraq, bölgələrə üz tutdular, xalqla, azarkeşlərlə bir olduqlarını göstərdilər!
AFFA-nın strukturunda da önəmli dəyişiklik baş verdi. İcraçı vitse-prezident/baş katib Elxan Məmmədov FİFA-ya, rahat həyatını sürməyə yola düşdü. Öz müavini olmuş Sərxan Hacıyev baş katib vəzifəsinə gətirildi. İlk aylarda təzyiq, ifadələrdə təcrübəsizlik, gərginlik özünü göstərirdi. Tədricən fərqli mənzərə üzə çıxmağa başladı.
Yeni gələnlərin ilk imtahanı ötən mövsüm birgə, koordinasiyalı əməyin sayəsində baş tutdu. Çempionatda çıxış edən autsayderlərin xorla üstlərinə gəlmələri, liqadan tərketmənin Azərbaycan futbolunun yıxılmış evinin daha da yıxılacağı təzyiqlərinin qarşısı alınaraq idman prinsipi təmin edildi. Bu qətiyyət və obyektiv addım yenilərə inamı artırmış oldu.
Yolundan dönməyənlər, liqaların yaradılması ideyasını həyata keçirdilər, İcraiyyə Komitəsində təsdiq etdirməsinə nail oldular. Təbii ki, bu işlərdə görünən/görünməyən dəstək verənlər yaddan çıxarılmamalıdır. Kadr islahatları da davam etdirildi. Elnur Məmmədlinin AFFA-ya transferi də ideoloji xəttin dəyişməsi deməkdir.
Klub olmadan futbol olmaz! Hələ ki, böyük futbol yox, klub futbolu kütləvilliyi bölgələrə qayıdır. İnfrastruktur, peşəkarlaşma, təşkilatı baxımdan çox ciddi işlər görülməlidir. İllərdi qalaq-qalaq yığılan problemləri bir-iki aya, bir mövsümə aradan qaldırmaq mümkünsüzdür. Əsas – strateji olaraq gedilən yolun doğru olmasıdır!
Görüləcək işlərdə təşkilatçılarla birgə klubların, futbol ictimaiyyətinin, mütəxəssislərin, medianın, azarkeşlərin üzərinə böyük yük düşür. Nöqsanların qabardılması, tənqidlərlə yanaşı maarifləndirmə, təbliğat, ideoloji-strateji addımları atan fədakar insanlara dəstək verilməlidir. Əks halda, xarabalığa çevrilmiş futbol bataqlığından çıxmaq çətin olar.
Hər bir tərəfdar üçün öz doğma bölgəsi, şəhəri, rayonu, klub/komandası daha əzizdir. Bu, birmənalı və başadüşüləndir. Bunlarla yanaşı klub rəhbərləri/rəsmiləri, məşqçiləri, futbolçuları, azarkeşləri qalmaqallardan uzaq durmalı, ümumi ölkə futbolunun mənafeyinə üstünlük verilməlidir. Dağıdıcılıq, durğunluq illərindən sonra Azərbaycan futbolunda yeni dönəmin ilk cücərtiləridir. Səhvlər yetərincə olacaq. Zatən təşkilatçılar bunu gizlətmir, maddi-texniki şərait məhdud olsa da, daxili imkanlarla bütün oyunlar yayımlanır, problemlərin qabarıq görünməsi ilə ictimai nəzarət əhatəsi daha da güclənir.
Azərbaycan futbolunda 15 ildən çoxdur bəlli ideoloji yanaşma ilə peşəkar – həvəskar futbol düşüncəsi arasında sədd götürülmüşdü. Aşağı liqaların yaradılması, fəaliyyəti ilə Premyer Liqanın çəkisi də artır, yarışlar sistemli hala gətirilir, ümumi futbol, dəstələr arasında təbii səviyyə tənzimlənməsi baş verir.
Görüləcək işlər həddindən artıq çoxdur. İnfrastrukturla paralel futbola baxış, təfəkkür anlayışı dəyişməlidir. Uşaq-gənclər futbolu acınacaqlı durumdadır. Azərbaycan futbol təsərrüfatı işlək mexanizm olaraq bir-birini tamamlayan konveyer halına çevrilməlidir. Şəki, Qax, Zaqatala (Balakən də ofsaydda qalmamalıdır) bölgəsi futbola qayıdıbsa, Lənkəran, Masallı, Şirvan, Qazax, Bərdə və digər şəhər və rayonlarımız klubsuz qalıb. Tədricən və yaxşı olardı ki, tez bir zamanda bunlar aradan qaldırılsın.
Futbolda maneələr çoxdur. Azərbaycan futbolunu iflasa uğradanlar boş oturmayıblar. Kabinet döyüşləri davam edir, günü-gündən qızışır. Futbolu dağıdanlar yaşıl meydanlarda belə mübarizə aparsaydı, milli komanda çoxdan dünya və Avropa çempionatlarının finallarında olardı.
İllərdi kağız üzərində qeydiyyata alınan 200 min(!) futbolçunun 10%-i 20 min(!) edir. Nəinki 20 min, ölkədə 2 min, 200 keyfiyyətli yerli futbolçu tapılmır. Bu amil Azərbaycan futbolunun hansı vəziyyətə salındığının əyani göstəricisidir!
Təzyiqlərin olmasına baxmayaraq, qısa vaxtda böyük səlahiyyət sahibi olmayan yenilərin futbolda nisbi və önəmli dönüş yaratması onu göstərir ki, illərdi futbolu ələ alan, şəxsi məqsədlərə xidmət edən insanlar olmasaydı, düzgün yol seçilsəydi, bu gün Azərbaycan futbolu layiq olduğu, tam fərqli yerlərdə olardı.
Daha bir şad xəbər bizi sevindirdi. Uzun illər əziyyət çəkə-çəkə, pillə-pillə klub idarəçisi təcrübəsi toplayan Asif Əsgərov ECA-nın İcraiyyə Komitəsinin üzvü seçildi. Bu, tək klub deyil, ölkə futbolu adına müsbət məqamdır!
Nə qədər acınacaqlı durum yaradılsa da, Azərbaycan futbolunda işini bilən, mənəvi dəyərlərə sahib olan yetərincə futbol funksioneri, düşünən beyinlər var. Əcnəbi sevgisindən əl çəkilməli, zəif də getsə, kadr islahatları davam etdirilməli, süni maneələr dəf edilməlidir. Belə olacağı, davam edəcəyi halda, yaxın illərdə Azərbaycanda 4-5 liqanın formalaşdırılması, infrastrukturun yaxşılaşdırılması, sponsorların geri qayıdışı, azarkeşlərin tribunalara axışı, istedadların üzə çıxarılması, 100-lə yerli keyfiyyətli futbolçuların yetişməsi təmin edilər!
Tahir Süleymanov
saytlarin hazirlanmasi