Mahir Emreli: "İlham mənbəyi anam, ailəm və onların sevinməyidir" - MÜSAHİBƏ

14:59 - 9 Sentyabr 2023

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə oyunu öncəsi AFFA-nın rəsmi saytına müsahibə verib.

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

- Necə oldu ki, futbolu seçdiniz, bu sahəyə maraq göstərdiniz?

- Əksər uşaqlar kimi mən də kiçik yaşlarımdan futbola maraq salmışam. Daha dəqiq desək, bu maraq məndə 2002-ci il dünya çempionatında Türkiyə – Braziliya oyunundan sonra başladı. Anam futbola baxırdı, Türkiyə millisinə azarkeşik edirdi. Düzdür, heç nə anlamırdım. Futbolun yaratdığı həyəcan, anamın futbola marağı məni bu sahəyə yönləndirdi. Dayım uşaqları və qardaşlarım futbol oynayırdılar. Zaqatalada idilər, mən də onlarla məşq etməyə gedirdim və beləcə futbolu sevməyə başladım.

- Karyeranızda ən böyük ilham mənbəyi kim və ya nədir?

- Dediyim kimi, futbolçu olmağımda anamın böyük payı var. İlham mənbəyi anam, ailəm, onların sevinməyidir. Mən də onlar üçün oynayıram. Amma belə deyək, əsas ilham mənbəyim anamdır.

- Futbolda qarşılaşdığınız ən böyük problem nə olub və bunun öhdəsindən necə gəlmisiniz?

- Hər sahədə olduğu kimi, futbolda da çətinliklər olur. Əlbəttə, hər şey yaxşı gedəndə problemi hiss etmirsən. Lakin hər an çətinliklərlə qarşılaşa bilərsən: komandan məğlub olanda, oyunun alınmayanda, qol vura bilməyəndə. Oyun planında hər hansı çatışmazlıq olanda problemlər başlayır. Bu anlarda mental olaraq güclü olmalısan. Özünü mənəvi cəhətdən hazırlayanda hər şeyin öhdəsindən rahatlıqla gələ bilirsən. Ən əsası, sakit olmaq, öz üzərində daha çox çalışmaq lazımdır.

- Karyeranızda sizi ən çox sevindirən an hansı olub?

- İlklər heç vaxt unudulmur. Futbolda da belədir. Ən çox sevindirən, yəqin ki, ilk olanlardır. Bunun yerini heç nə vermir. Məsələn, yeni komandanda ilk qolun, vacib oyunda fərqlənməyin və ya ilk qələbə. Bir sözlə, hər şeyin ilki daha sevincli və yaddaqalan olur.

- Bacarıqlarınızı artırmaq və bu sahədə uğur qazanmaq üçün xüsusi olaraq nə edirsiniz?

- Getdiyim hər yerdə yeni nələrsə öyrənməyə çalışmışam. Bu, sadəcə, meydanda məşq etmək anlamına gəlmir. Meydandan kənarda da çox şeyləri öyrənmişəm. Həmişə psixoloji və fiziki baxımdan nələri daha yaxşı edə bilərəm deyə fikirləşirəm. Meydandan kənarda şəxsi fizioteropevtinlə işləməlisən, xüsusi yemək planın və günlük proqramın olmalıdır. Bu yolla bacarıqlar da artır.

- Özünüzü oyunlara və məşqlərə necə motivasiya edirsiniz?

- Hər oyuna fərqli şəkildə motivasiya oluram. Özümü oyunlara hazırlamağımın bir yolu var. Ən vacibi, yuxu rejimimə çox ciddi əməl edirəm. Doyunca yatdığımı hiss etməliyəm. Daha sonra artıq çəkimin olmaması psixoloji cəhətdən məni çox rahatladır. Peşəkarlıq baxımından bütün qaydalara, rejimə əməl etdikdə oyuna tam hazır olduğumu hiss edirəm. Bütün bunları reallaşdırmaq mənə motivasiya verir. Yoxsa, belə xüsusi motivasiyaya ehtiyac yoxdur. Futbolçu üçün oyun günü onsuz da bayramdır.

- Qarşılaşdığınız hər hansı problemi necə həll edirsiniz?

- Problemdən problemə fərq var. Bəzilərini sifahi həll etmək olur, bəzilərini fiziki. Düzdür, biz problemləri fiziki həll etməyin tərəfdarı deyilik. Bu suala cavab vermək bir az çətindir. Müxtəlif problemlərlə rastlaşa bilərsən. Həyatı problemsiz təsəvvür etmək mümkün deyil. Həyatın hər anı bizim üçün bir imtahandır. Hər bir çətinliyə hazır olmalısan. Əlbəttə, özümüz özümüzə problem yaratmamalıyıq. Bu, tamam fərqli bir şeydir.

- Səhvlərinizdən öyrəndiyiniz ən dəyərli dərs hansıdır?

- Səhvlər etmədən öyrənmək olmaz. Öyrəndiyim ən vacib dərs budur. Həm həyatda, həm meydanda, həm meydandan kənarda insan səhv edə bilər. Bəzən insanlar buna mane olmamalıdır. Düzdür, əgər geri dönülməyən bir səhvdirsə, bunu bildirməlisən. Deməlisən ki, bu səhvin geri dönüşü yoxdur. Amma geri dönüşü olan səhvlərdə bəzən insanı bir az rahat buraxmaq lazımdır ki, doğrunu görə bilsin. Həyatına mənfi təsir edə biləcək səhvlər etməməlisən. Dediyim kimi, xırda səhvlər sənə nələrsə öyrədə biləcəksə, o baş verməlidir.

- Eyni səhvləri təkrarlamaq istəməyən gənclərə nə məsləhət görərdiniz?

- Başqalarının səhvindən nəticə çıxarmağı məsləhət görərdim. Bunu bacaran insanlar müdrik hesab olunurlar. Bir də elə tip insanlar var ki, nə qədər izah edirsən, başa düşmürlər. Əgər başqasının səhvini görüb ondan dərs çıxara bilirsə, əlbəttə, o müdrik insandır. Ona görə çalışsınlar, başqalarının səhvindən dərs çıxara bilsinlər.

- Sizi ən çox motivasiya edən amil nədir?

- Həyatda qarşıma qoyduğum məqsədlər mənim üçün ən yaxşı motivasiyadır. Nail olduqlarım, nail olmaq istədiklərim hamısı motivasiyadır. Bir şeyə nail olanda daha çoxunu istəyirsən. Bu da istər-istəməz, adamı daha çox həvəsləndirir, ruhlandırır. Yəni, avtomatik özün-özünə bir motivasiya tapırsan. İnsan özü üçün bu cür istəklər axtarıb tapmalıdır.

- Karyeranızda hansı dövr sizi daha çox təkmilləşdirib, inkişaf etməyinizə səbəb olub?

Bu suala cavab vermək çətindir. İnkişaf etmək zamanla əlaqədardır. Təcrübə qazandıqca daha da təkmilləşirsən. Bunu artıq meydanda siz hiss edirsiniz. Təkmilləşdikcə həm meydanda, həm də meydandan kənarda hər şeyin yaxşıya doğru dəyişdiyini görürsünüz.

Xəbər xətti